Çinin Tehrandakı səfiri İran XİN-ə çağırıldı

Çinin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, İran və Birləşmiş Ərəb Əmirlikləri arasında ərazi mübahisəsinin predmeti olan Fars körfəzindəki 3 ada ilə bağlı Çinin mövqeyinə etiraz edilib.

“İran Xarici İşlər Nazirliyinin nümayəndəsi səfirə etiraz notası təqdim edib, çünki Çin hökuməti birgə bəyanatda yer alan əsassız iddiaları dəstəkləyib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Pekinə səfəri zamanı Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı məsələnin beynəlxalq hüquq normalarına uyğun olaraq ikitərəfli danışıqlar və sülh yolu ilə həllinə nail olmaq səylərinə dəstəyini ifadə etmişdi.