İspaniya CAR-ın İsrailə qarşı BƏM-dəki işinə qoşulacaq

İspaniya Cənubi Afrika Respublikasının (CAR) İsraili soyqırımında ittiham edən Beynəlxalq Ədalət Məhkəməsindəki işinə qoşulacaq.
APA "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

"Qərarı Qəzzada davam edən hərbi əməliyyata görə qəbul edirik. Biz Qəzzaya və Yaxın Şərqə sülhün qayıtmasını istəyirik və bunun baş verməsi üçün hamımız məhkəməni dəstəkləməliyik", - ispaniyalı nazir vurğulayıb.

Xatırladaq ki, CAR ötən ilin sonunda Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddia qaldırıb. O, İsrailin Qəzzaya hərbi hücumunda soyqırımı konvensiyasını pozduğunu iddia edir.

Bir neçə gün əvvəl Məhkəmə İsrailə Qəzzanın cənubundakı Rəfah şəhərinə hərbi hücumunu dərhal dayandırmaqla bağlı qərar çıxarsa da, lakin bütövlükdə Qəzzada atəşkəslə bağlı qərar verməyib və İsrail Rəfahla bağlı qərara əməl etməyib.

İsrail oktyabrın 7-də HAMAS-ın ölkənin cənubuna gözlənilməz ölümcül hücumlardan sonra Qəzzada başlatdığı hərbi əməliyyatda soyqırımı törətdiyini inkar edir.

Qeyd edək ki, Meksika, Kolumbiya, Nikaraqua, Liviya və Fələstin Haaqa məhkəməsinin onların da İsrailə qarşı işə qoşulma tələblərinə razılıq verilməsini gözləyir.