Rusiya Prezidenti Vladimir Putin yaxın həftələrdə ardıcıl olaraq Şimali Koreya və Vyetnama səfər edəcək.
Bu barədə “Vedomosti” diplomatik mənbəyə istinadən bildirib.
Nəşrin yazdığına görə, Putinin Vyetnama səfəri iyunda və çox güman ki, Şimali Koreyaya səfərdən dərhal sonra baş tuta bilər.
Rusiyanın KXDR-dəki səfiri Aleksandr Matseqora qəzetə təsdiqləyib ki, Rusiya Prezidenti Pxenyana səfər edəcək və hazırda bu səfərə fəal hazırlıq gedir.
Putinin Şimali Koreya və Vyetnama gözlənilən səfərini “Sherg.az”a şərh edən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib ki, Rusiya Amerika ilə qarşıdurma vəziyyətindədir:
“Həmin qarşıdurmada Rusiya Şərqi seçir və Şərqin onun yanında olduğunu vurğulayır. Sözügedən ölkələrin Rusiyaya dəstək verməsi heç kəsə sirr deyil. Rusiyanın Ukrayna cəbhəsində Qərbə qarşı tək vuruşması ilə bağlı təbliğat gedir. Amma belə bir şey yoxdur, Şərq ölkələri Rusiyanın yanında dayanırlar. Həmin ölkələr Rusiyaya silah verirlər. Bunlardan biri də Şimali Koreyadır. Şimali Koreya, İran, Vyetnam kimi ölkələr ucuz və səmərəli silah üçün yaxşı məkanlardır. Məsələn, bundan əvvəl Şimali Koreyaya Rusiyanın xarici işlər naziri Sergey Lavrov da səfər edib. Həmin vaxtda bəlli idi ki, Lavrov Şimali Koreyaya silah dalınca gedib. Eynilə Qərblə müharibədə Çinin iqtisadi bazarı Rusiya üçün açıqdır. Çin, Şimali Koreya və Vyetnam vaxtilə Amerika ilə savaşan ölkələrdir. Vyetnam da ucuz və səmərəli silah üçün yaxşı meydança sayılır. Rusiyanın Şərqdən ucuz silah alması Ukraynanın Qərbdən bahalı silah almasından daha yaxşıdır. Ukrayna Avropa və Amerikandan silah almaq üçün bir çox mərhələdən keçməlidir”.