Vladimir Putinin ritorikasına, xüsusilə nüvə ilə hədələrinə baxmayaraq, Qərb öz resurslarını səfərbər edərsə, Rusiya Ukraynanı məğlub edə bilməyəcək.
Bu barədə ABŞ-ın Müharibənin Araşdırılması İnstitutunun hesabatında qeyd olunub.
İnstitutun analitikləri bildiriblər ki, Putin Şimali Koreya və Vyetnama səfərləri zamanı Kiyevin tərəfdaşlarının səylərini sabotaj etmək məqsədi daşıyan genişmiqyaslı informasiya əməliyyatına başlayıb:
“Putinin müharibədə qalib gəlmək strategiyası Kremlin ABŞ, Avropa Birliyi və digər beynəlxalq müttəfiqləri Ukraynaya dəstəyi geri götürmək və beynəlxalq hüququn əsas prinsipləri olan dövlət suverenliyinə hörmət və ərazi bütövlüyünün toxunulmazlığı prinsiplərindən əl çəkməyə yönəltmək cəhdlərinə əsaslanır. Amma müttəfiqlərin strateji dəqiqliyi və Ukraynanın döyüş meydanında Rusiya üzərində qəti qələbə qazanmasına kömək etmək istəyi Putinin səylərini xeyli zəiflədir.
Putin də beynəlxalq ictimaiyyətin Ukraynaya dəstəklə bağlı razılaşdırılmış strateji baxışını pozmaq üçün Qərbin Kiyevə Rusiya üzərində qəti qələbə qazanmasına icazə verəcəyi təqdirdə nüvə silahından istifadə edəcəyi ilə hədələyib. Putinin nüvə təhdidi Kremlin davam edən nüvə şantajı kampaniyasının bir hissəsidir və Ukraynanın müttəfiqlərini işğala qarşı qətiyyətlə mübarizə aparmaqdan çəkindirmək məqsədi daşıyır və buna görə də bu təhdidin faktiki eskalasiyaya səbəb olma ehtimalı azdır”.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən politoloq Cümşüd Nuriyev söyləyib ki, Vladimir Putinin ritorikasında ciddi dəyişiklik yoxdur:
“Putin artıq Rusiyanın əminliyini bilir. Çünki onlar müharibə başlamazdan əvvəl qarşılarına məqsəd qoymuşdular ki, Moskva NATO silahlarından bufer zona kimi qorunmalıdır. Buna isə Ukraynanın Şərq hissəsini ələ keçirməklə nail olurlar. Qərbin Elmi Tədqiqat və Müharibə Araşdırmaları İnstutlarının gündəmə gətirdiyi məsələlər əslində ABŞ və Qərbin birmənalı şəkildə ümidsizliyindən doğan nəticədir. Əgər iki il ərzində Ukraynaya bu qədər yardım olunduğu təqdirdə bir əyaləti belə geri ala bilmiyibsə, Rusiyanın hansı məğlubiyyətindən söhbət gedə bilər? Bu institun məqsədi bilavəsitə Ukrayna müharibəsinin davam etməsidir. ABŞ-nin əsas maraqları NATO üzvü olan Qərbi Avropa ölkələrində ümumi milli məhsulu 3 faizə qaldırmaq istəyidir. Bu isə Amerikanın hər il NATO üzvü olan Avropa ölkələrindən təxminən 300-400 milyard avro gəlir götrəcəyi deməkdir. Onları əsasən bu məsələ maraqlandırır. Yəni Ukraynanın məğlubiyyəti və Putinin qələbəsi maraqlı deyillər. Bu çağırışların hamısı Qərbin hələ də siyasəti davam etdirməsinə hesablanıb. Onlar Rusiyadan qorxurlar və bilirlər ki, Moskvanın atacağı nüvə başlığı Avropanı parçalaya bilər”.