Məqsədləri yüzminlərlə, milyonlarla insanı qarşı-qarşıya gətirmək, böyük qırğına zəmin yaratmaqdır
İyunun 23-də Dağıstanda, Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Dərbənddə keşiş qətlə yetirilib, Mahaçqalada kilsə mühafizəçisi öldürülüb, o cümlədən sinaqoq yandırılıb. Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun sözlərinə görə, 20-yə yaxın polis Dağıstanın əmin-amanlığını qoruyan zaman terror aktının qurbanı olub. Onlardan biri Dağıstan İşıqları Polis İdarəsinin rəisi Mavludin Xıdırnəbiyevdir. O, terrorçularla atışma zamanı ağır yaralanaraq dünyasını dəyişib. 24, 25 və 26 iyun Dağıstanda matəm günləri elan edilib. “Baza” teleqram kanalı məlumat yayıb ki, Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərovun iki oğlu Mahaçqaladakı hücumda iştirak edib. İlkin məlumata görə, məhz bu qardaşlar zərərsizləşdiriliblər. Dağıstandakı hadisə böyük narahatlıq yaradır. Rusiyalı politoloq İqor Korotçenko deyib ki, Dağıstan çoxmillətli respublikadır və o, hər zaman Qərb kəşfiyyatının, eləcə də beynəlxalq terror təşkilatlarının diqqət mərkəzində olub: “Mahaçqala və Dərbənddəki hadisə göstərir ki, Dağıstanda sıralarına beynəlxalq terrora meyilli olan yerli şəxsləri cəlb edən və xüsusi hazırlanmış beynəlxalq şəbəkə yaradılıb. Bu ərazilərdə baş verənlər, müqəddəs yerlərə - pravoslav kilsəsinə, sinaqoqa hücum cəhdləri birbaşa regionda vəziyyəti destabilləşdirməyə yönəlib. Bu həm də, Şimali Qafqazda ikinci cəbhə yaradıb, onu genişləndirmək cəhdidir. Unutmayaq ki, Qərb analoji addımları Cənubi Qafqazda da atır. Bunun arxasında isə Fransa və ABŞ kimi oyunçular dayanır". Kəşfiyyata və güc strukturlarına yaxın olan bir neçə rusiyalı mütəxəssisin fikrincə, bu həm də, Britaniya kəşfiyyatının Rusiya ərazisində vəziyyəti gərginləşdirmək cəhdləridir: "Yaxın zamanda FTX və polis əməkdaşları vəziyyəti nəzarətə alacaq. Amma hər şeyi dəqiqliklə etmək lazımdır ki, regionda oxşar hadisə bir daha təkrarlanmasın". Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin sinaqoq və kilsələrə hücumlarla bağlı cinayət işinin araşdırılması ilə bağlı hesabat tələb edib: “İstintaq Komitəsinin sədri Dağıstan Respublikası üzrə İstintaq İdarəsinin rəisi D.V.Belyayevə Dərbənd və Mahaçqalada silahlı basqın faktları üzrə cinayət işi üzrə ilkin istintaq hərəkətləri barədə hesabat təqdim etməyi tapşırıb. İstintaqın gedişinə İstintaq Komitəsinin mərkəzi aparatı nəzarət edir”.
Siyasi şərhçi, araşdırmaçı-jurnalist Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, Dərbənddə və Mahaçqalada törədilən terror aktlarına dini məzmunun, “İslam terrorizmi” görüntüsünün verilməsi məqsədli addımdır. Onun sözlərinə görə, "Krokus-Siti"dəki teraktdan sonra sıravi rusların arasında islamofobiyanın gücləndiyini və taciklərə qarşı nifətin artdığını hamımız yaxşı bilirik:
"Eyni ssenari indi bir qədər fərqli formada yenidən təkrarlanır. Ancaq bu dəfə “qurbanlıq” kimi sıravi insanları yox, məhz kilsələri, sinaqoqları, keşişləri, ravvinləri hədəf seçdilər.
Məqsədləri nədir? İlkin məqsəd üç monoteist dinə – İslam, Xristianlıq və İudaizmə etiqad bəsləyən yüzminlərlə, milyonlarla insanı qarşı-qarşıya gətirmək, böyük qırğına zəmin yaratmaqdır. Görünən budur ki, məqsədli şəkildə insanların inancları ilə, hissləri ilə oynayırlar. Bu isə əslində, odla oynamaq deməkdir.
Amma inanaq ki, nə müsəlmanlar, nədəki xristianlar və yəhudilər bu məkrli təxribata uymazlar. Çünki bilənlər bilir ki, indi milliyyətindən və dinindən asılı olmayaraq istənilən insanı xüsusi təlim düşərgələrində 3-5 ay kurs keçib zombiləşdirmək, “Allahu Əkbər” qışqıran fanatik cihadçı kimi meydana buraxmaq mümkündür. Necə ki, keçmiş İŞİD qatillərinin əksəriyyətinin ərəb və müsəlman olmadığı sonradan üzə çıxdı, indi də oxşar üsuldan istifadə edilməsi mümkün görünür. Xristianlar da, yəhudilər də İslam dininin mahiyyətini və “Quran”ın məzmununu biz müsəlmanlardan da yaxşı bilirlər. İslam dini xristianları və yəhudiləri öldürməyi təbliğ və təlqin etmir. Bu mənada əminliklə deyə bilərik ki, ötən gün ruhani Ata Nikolayı öldürənlər, sinaqoqları xüsusi çılğınlıqla yandıranlar İslama, müsəlmanlığa aid deyillər. Dininin ehkamlarını yaxşı bilən, ağlı başında olan heç bir müsəlman bu vəhşiliyə, bu quduzluğa qol qoymaz".
Ekspertin qənaətincə, Dağıstandakı teraktları törədənlərin özlərini İslam cihadçısı qismində ortaya atmaqları olduqca axmaq bir qurğu, pis hazırlanmış “ssenari”dir:
"Rusiya parlamentinin Dağıstanı təmsil edən deputatı Abdulhakim Hacıyevin Mahaçqalada və Dərbənddə baş verən məlum terror aktları barədə “Rossiya-1” kanalına tələm-tələsik verdiyi açıqlama da səfeh açıqlamadır. Adam dərindən düşünmədən iddia etdi ki, “bunun arxasında Ukrayna və NATO ölkələrinin kəşfiyyat xidmətləri dayana bilər... Çünki biz “xüsusi hərbi əməliyyat”da bütün cəbhələrdə uğur qazanırıq, bu da o deməkdir ki, onlara ölkəmizdə vəziyyəti qarışdırmaq lazımdır”. Ancaq “Roskosmos”un keçmiş rəhbəri, hazırda isə Rusiya Federasiya Şurasında işğal edilmiş Zaporojye vilyəti ərazilərini təmsil edən Dmitri Roqozin isə daha realist mövqe sərgiləyərək bildirdi ki, Dağıstandakı teraktın da günahını “Krokus Siti Holl”dakı kimi Ukraynanın üzərinə yıxmağa çalışmaq doğru deyil: “İnanıram ki, əgər biz milli və dini dözümsüzlük, nifrət və rusofobiya ilə bağlı hər bir terror aktını Ukrayna və NATO-nun əməli ilə əlaqələndirsək, bu “çəhrayı duman” bizi böyük problemlərə aparacaq. Başqasının gözündə tükü görürük, amma öz gözümüzdə tiri görə bilmirik". Bəs, bu məşum və sirli teraktların arxasında “müsəlman barmağı”, “Ukrayna izi” və ”NATO planı” yoxdursa, o zaman bu qanlı qırğının təşkilatçısı kimdir? Kreml bu teraktların günahını kimin üzərinə qoyacaq?".