Hakimiyyətin onun qalibiyyətini tanımasında heç bir problem yoxdur
Xamenei yaxşı bilir ki, Pezeşkian onun sözündən çıxan deyil
İranda prezidentliyə namizədlərin təbliğat-təşviqat vaxtı dünən başa çatıb və bu gün ölkədə seçki günüdür. Prezidentlik kürsüsü uğrunda 4 namizəd mübarizə aparacaq. Onlar parlamentin sədri Məhəmməd Bağır Qalibaf, Ali rəhbərin nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə naziri olmuş Mustafa Purməhəmmədi, sabiq səhiyyə naziri Məsud Peşekşiandır. Sonuncu rəy sorğularına görə, islahatçıların namizədi Məsud Peşekşian öndədir, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Cəlili və Qalibaf tutur. Ölkənin vitse-prezidenti Əmir Hüseyn Qazızadə iyunun 26-da mühafizəkar namizədlərin xeyrinə seçkidən çəkildiyini elan edib. Tehranın hazırkı meri Əlirza Zəkani də Məhəmməd Baqer Qalibaf və Səid Cəlilini dəstəkləmək üçün namizədliyini geri götürüb: "Cəlili və Qalibafdan birləşərək inqilabi qüvvələrin haqlı tələblərini cavabsız qoymamağı xahiş edirəm". ABŞ-nin İran məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Abraam Peyli deyib ki, Vaşinqtonun İranda azad və ədalətli seçkilərin keçirilməsi və ya əsaslı dəyişikliyə dair heç bir gözləntisi yoxdur. O, namizədlərin əvvəldən seçildiyini bildirərək, bunu işıqlandıran jurnalistlərin sıxışdırılmasını qınayıb.
Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, İrandakı ən bərbad seçki kampaniyasını Məhəmməd Baqer Qalibaf apardı. Ekspertin sözlərinə görə, ehtimal ki, dini rəhbər Əli Xamenei Səid Cəlilinin üzərində dayanacaq və əsas dəstəyi ona verəcəklər:
"Ancaq İrandakı mövcud sistem namizədlər müəyyən edilərkən birbaşa müdaxilə edir. Sandıqdan çıxanlar tam da olmasa rəsmi nəticələrə müəyyən qədər uyğunlaşdırılır. İrandakı seçkilərin ən maraqlı tərəfi seçki öncəsi oyunlardır. Rejim insanlar arasında siyasi proseslərə maraq yaratmağa çalışır. Məsələn, Qalibaf, Cəlili və Pezeşkian arasında qızğın mübarizə gedir və nəticələrin nə olacağı barədə birmənalı fikir yoxdur. Pezeşkianın seçilməsi Xamenei üçün çox da problem deyil. Bundan əvvəl Məhəmməd Hatəmi və Həsən Ruhani kimi islahatçılar da prezident olub".
Analitik vurğulayıb ki, İranda prezident kürsüsündə islahatçılar və mühafizəkarlar bir-birini əvəzləyir: "Hakimiyyəti natamam olsa belə, mühafizəkar İbrahim Rəisinin ardından islahatçı Məsud Pezeşkianın şansı çoxdur. Hakimiyyətin onun qalibiyyətini tanımasında heç bir problem yoxdur. Xamenei yaxşı bilir ki, Pezeşkian onun sözündən çıxan deyil. Pezeşkian 35 faizlə liderdir. Digər üç mühafizəkar namizəd seçkini 2-ci tura çəkmək üçün seçkidən çəkildi. Əgər belə davam etsə, Məsud Pezeşkian Qalibaf və ya Cəlili ilə ikinci tura girəcək. İkinci turda bütün mühafizəkarların bir namizəddə birləşməsi soydaşımızın qalibiyyətini çətin, hətta mümkünsüz edəcək. Ancaq yenə də kifayət qədər qərarsız seçici var və Mahmud Əhmədinejad ilə Əli Laricanin qeydə alınmamasına görə rejimdən inciyən kifayət qədər insan mövcuddur. Əgər onlar bunun heyfini çıxmaq istəsələr, o zaman soydaşımıza 16 faiz artıq səs vermək elə də çətin olmayacaq".