Politoloq: Rusiya-Ukrayna arasında vasitəçilik etmək istəyən ölkələr azlıq təşkil edir

Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Kiyev Moskva ilə yalnız vasitəçilərin köməyi ilə danışıqları bərpa etməyə hazırdı:

“Həllin tapılacağı model tapmaq olar. Bu model ilk dəfə taxıl dəhlizi məsələsində istifadə edilmişdi. O zaman Rusiya ilədanışıqlar BMT və Türkiyə vasitəsilə aparılırdı. Onlar məsuliyyəti üzərilərinə götürmüşdülər ki, bizimlə danışıqlar aparıb, Rusiya ilə müvafiq razılaşmanı imzalayacaqdılar. Eyni modeli ərazi bütövlüyünə də, energetikaya da, gəmiçiliyə də aid etmək olar. Hazırda bizdə yalnız bu model yoxdur” – deyə o bildirib.

Politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçilik etmək istəyən ölkələr azlıq təşkil edir:
"Taxıl dəhlizi məsələsində Türkiyənin uğurlu vasitəçiliyindən sonra Səudiyyə Ərəbistanı və Çin münaqişənin həlli üçün fikirlər irəli sürüb. Digər tərəfdən qeyd etmək lazımdır ki, vasitəçi gərək tərəfsiz və məsələni kökündən həll etməyə maraqlı olsun. Rəsmi Kiyev-Moskva arasında taxıl dəhlizi və əsirlərin dəyişdirilməsi istiqamətində Türkiyənin çox mühüm addımları olub. Lakin bu gün Kiyev ilə Moskva arasında faktiki olaraq danışıqlar getmir. Hazırda Qərb Ukraynaya lazımi hərbi dəstəyi göstərmədiyindən müharibə uzanır və bu Ukranyaya büyük ziyan verir".

Ekspert əlavə edib ki, bəzi Qərb siyasətçiləri Ukraynaya hərbi dəstəyi azaltmaqla müharibəni sonlandırmaq fikirlərini səsləndirir:
"Hər kəs bilir ki, tərəflər arasındakı münaqişə bir gün bitəcək. Müharibə bitdikdən sonra Ukraynanın yenidən qurulmasına milyardlarla vəsait lazım olacaq".