Seçici fəallığı aşağı olsa, Cəlili qalib gələ bilər. Amma bütün ehtimalların fövqündə olan məsələ rejimin öz gündəliyidir
“Bəs Pezeşkian seçilərsə, bizə nə faydası ola bilər? Azərbaycanlı səslərin İran seçkilərində həlledici amil olması İrandakı milli hərəkat üçün üstünlükdür. Bundan nə qədər faydalana biləcəklərini zaman göstərəcək”
İranda prezident seçkisinin nəticələri artıq bəllidir. Ölkənin Seçki Qərargahının sözçüsü Möhsün İslami deyib ki, Məsud Pezeşkian 10 milyon 415 min 901 səslə liderdir. Səid Cəlili 9 milyon 473 min 298 səslə ikinci sırada qərarlaşıb. Namizədlərdən heç biri seçkidə iştirak edən seçicilərin səsinin 50 faizdən çoxunu toplamadığı üçün 5 iyulda ikinci tur keçiriləcək. İkinci turda ən çox səs toplayan iki namizəd - Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparacaq. Qeyd edək ki, İranda 61 milyon 452 min 321 seçici var. Seçici fəallığı ilk turda 40 faiz civarında olub. Azərbaycanlı olan Məsud Pezeşkiandır "islahatçı" qanadı təmsil edir. 1954-cü ildə İranın şimal-qərbində - Mahabad vilayətində, etnik azərbaycanlı ailəsində dünyaya gəlib. Orta təhsili Urmiyada, ali təhsili isə Təbrizdə alıb. Tibb təhsili alıb, kardioloqdur. Daha sonra 9 ilə yaxın Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində işləyib. Pezeşkian siyasətə islahatçı Prezident Məhəmməd Hatəminin zamanında gəlib. Səhiyyə naziri postunu tutub. Hatəmidən sonra hökumətdən gedib və İran parlamentinə Təbrizdən deputat seçilib. 2016-2020-ci illərdə isə vitse-spiker postunu tutub. Parlamentdə Türkiyə-İran dostluq qrupunun üzvü olub. Azərbaycanlı olması Pezeşkian üçün əlavə səs gətirəcək amil hesab olunur. Bundan başqa, islahatçılara aid mediada Pezeşkianın ciddi kampaniyası başlamışdı. İranla bağlı mütəmadi xəbər hazırlayan Qərb mediası da Məsud Pezeşkianı müsbət nümunə olaraq təqdim edirdi. Hesab olunur ki, indiki zamanda Pezeşkianın seçilməsi İran üçün sərfəlidir. Çünki Qərbin sanksiyasına məruz qalan İran Pezeşkian vasitəsilə Azərbaycan və Türkiyə ilə daha da yaxınlaşa bilər. Azərbaycanlı namizəd Məsud Pezeşkianın birinci turun lideri olması erməni ekspertləri məyus edib. İranşünas Vardan Voskanyan bildirib ki, İranda heç bir prezident Tehran-İrəvan münasibətlərini köklü şəkildə dəyişmək səlahiyyətinə malik deyil, çünki dövlətin siyasətini ali dini lider müəyyən edir. Buna baxmayaraq, o, Ermənistan üçün Səid Cəlilinin prezident seçilməsinin “daha münasib” olduğunu vurğulayıb: “İyulun 5-də baş tutacaq ikinci turda islahatçılar qanadından Məsud Pezeşkian və mühafizəkarlar qanadından Səid Cəlili iştirak edəcək. Məsud Pezeşkianın yaxın tərəfdarları arasında pantürkist düşüncəli insanlar da var ki, onlar təbii ki, Pezeşkianın prezident olacağı təqdirdə müxtəlif vəzifələr tutmağa çalışacaq, İran-Azərbaycan və İran-Türkiyə münasibətlərinin inkişafına çalışacaqlar. Odur ki, Səid Cəlili Ermənistanla İranın yaxınlaşması və “çoxəsrlik dostluq münasibətləri”nin dərinləşməsi baxımından daha münasib namizəddir”.
Politoloq Cəmaləddin Quliyev "Sherg.az"a bildirib ki, seçkilərin ikinci tura qalması və islahatçı namizədin öndə olması müəyyən qədər sürpriz sayıla bilər. Ekspertin sözlərinə görə, 2005-ci il seçkilərində də islahatçıların namizədi, yəni Rəfsəncani irəlidə idi:
"Amma ikinci turda mühafizəkarların namizədi olan Mahmud Əhmədinejad 70 faizə yaxın səslə qalib elan edildi. Rəfsəncani o zaman nəticələrin saxtalaşdırıldığını bildirmişdi. Fərq ondadır ki, Əhmədinejad birinci turda cəmi 2 faizə qədər geridə qalırdı. Cəlili ilə Pezeşkianın səsləri arasında fərq daha çoxdur. O zaman qeyri farsdilli elektorat - azərbaycanlılar və giləklər, eləcə də əhalinin yoxsul təbəqəsi əsasən Əhmədinejada səs vermişdi. Namizədlər arasında yeni fiqur o sayılırdı. İndi eyni elektorat Pezeşkiana səs verib. Bu elektorat fəal olarsa və islahatçıların digər kəsimləri də Pezeşkianı dəstəkləsə, qalib olma şansları çoxdur. Hərçənd mühafizəkarların birləşməsi və mövcud parçalanmanı aradan qaldırma ehtimalı daha çoxdur. İkinci iddialı mühafizəkar namizəd, yəni Qalibaf artıq Cəlilinin lehinə çağırışlar edir. Əslində, I tur ərəfəsi də dini rəhbərin mühafizəkarları birliyə dəvət etdiyi bəlli idi. İki namizəd isə seçkidən əvvəl güclü namizədin xeyrinə geri çəkilmişdilər".
Analitik vurğulayıb ki, bu seçkilər ümumən seçiçi fəallığının ən aşağı olduğu seçkilərdir:
"Deyilən amillər nəzərə alınsa və seçici fəallığı aşağı olsa, Cəlili qalib gələ bilər. Amma bütün ehtimalların fövqündə olan məsələ rejimin öz gündəliyidir. Hədəf nədir? Rejim daxilində bütün maraq qrupları Xamenei ilə eyni hədəfləri (rejimin davamlılığı, legitimliyin ölkədə və dünyada qəbul olunması, Xamenei ailəsinin gələcəyinə təminat və s.) bölüşürmü? Qəribə də olsa, son iki hədəf islahatçı namizədi Xamenei üçün arzolunan fiqura çevirir. Bəs Pezeşkian seçilərsə, bizə nə faydası ola bilər? Azərbaycanlı səslərin İran seçkilərində həlledici amil olması İrandakı milli hərəkat üçün üstünlükdür. Bundan nə qədər faydalana biləcəklərini zaman göstərəcək. Bütün müqayisələr qüsurludur, amma Türkiyədə kürd partiyaları koalisiyaların taleyini həll etmək imkanı qazananda bundan necə yararlandıqlarını bilirik. Həm də Pezeşkian qalib olarsa, Azərbaycan və Türkiyə ilə ən azı ilk dövrlərdə yumşalma davam edəcək. Amma bu, İran təbliğatının 1990-cı illərdə çox aktiv bir istiqamətinin yenidən canlandırılmasına da səbəb olacaq. O zaman təbliğat belə idi ki, İran azərbaycanlıların əlindədir, bütün postları onlar tuturlar. Ona görə də Şimali Azərbaycan Türkiyəyə, böyük qardaşa meyl etməlidir. Biz yenə də eyni təbliğata hazır olmalıyıq".