“Sosial xarakterli etirazlar artıq öz nəticəsini verməkdədir. Xalq hökumətin həyata keçirdiyi siyasətdən tam narazıdır və onu yola salırlar"
Fransada Milli Assambleyaya (parlamentin Aşağı palatası) keçirilən növbədənkənar seçkilərin birinci turunda “Respublika naminə birlikdə” prezident koalisiyası 3-cü yer tutub. Sağçı Milli Birlik və Yeni Xalq Cəbhəsi isə 1-ci və ikinci yerlərdə qərarlaşıblar. Prezident Emmanuel Makron parlament seçkilərinin birinci turunun ilkin nəticələri açıqlandıqdan sonra ikinci turda Cordan Bardella və Marin Le Penin Milli Birliyinə qarşı “demokratik birliyə” çağırıb: “Birinci turda yüksək fəallıq bu səsvermənin bütün soydaşlarımız üçün əhəmiyyətindən və siyasi vəziyyətə aydınlıq gətirmək istəyindən xəbər verir. Milli Birlik qarşısında ikinci turda geniş, açıq-aydın demokratik və respublikaçı birliyin sözünü deməsinin vaxtı çatıb”. İkinci tur iyulun 7-də keçiriləcək. Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Brüno Le Mer parlament seçkisinin I turundakı nəticələri Makronun koalisiyasının məğlubiyyəti adlandırıb. O bildirib ki, son nəticələr eyni zamanda siyasi qüvvələr nisbətindəki mühüm dəyişikliyin göstəricisi hesab oluna bilər: “Növbədənkənar parlament seçkisinin I turundakı nəticələr Emmanuel Makronun liderlik etdiyi koalisiyanın məğlubiyyətidir”. Nazirin sözlərinə görə, hazırda hakim koalisiya “Milli Birlik” Partiyasının qələbəsinə imkan verilməməsi məsələsi prioritet təşkil etməlidir. Brüno Le Mer eyni zamanda xalqı II turda sosial-demokratlar, kommunistlər və ekoloji fəallardan ibarət partiyaların təmsilçilərini dəstəkləməyə çağırıb. Qeyd edək ki, 55 yaşlı Brüno Le Mer budəfəki seçkidə namizəd olmaqdan imtina edib. Keçmiş nazir qərarını gənclərə yol vermək istəyi ilə əsaslandırıb. Eyni zamanda o, 2027-ci ildə keçiriləcək prezident seçkisində iştirakını da istisna etməyib.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib ki, ABŞ Prezidenti Co Bayden, Fransa lideri Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts dünyada sabitliyi pozmaq üçün hər şeyi edir. Lakin onların ölkələrinin vətəndaşları liderlərinin kursunu dəstəkləməkdən imtina edirlər: “Bayden və Makronun uğursuzluqları ona gətirib çıxarıb ki, amerikalılar və fransızlar fərqli siyasət lehinə seçim etməyə başlayıblar. ABŞ və Fransa vətəndaşları öz seçimlərini milli yönümlü siyasət yeritmək, iqtisadiyyatlarının inkişafı və qlobal təhlükəsizlik məsələlərinin həlli zərurətindən yana edirlər. Böyük Britaniyanın mühafizəkarlarını da uğursuzluq gözləyir. Səbəbi özlərində axtarmalıdırlar”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasına seçkinin nəticələrini Emmanuel Makronun partiyasının ciddi uğursuzluğu adlandırıb və onun birmənalı məğlubiyyəti kimi dəyərləndirib. Ekspertin sözlərinə görə, həm Avropa Parlamentinə keçirilən seçkidə, həm də yerli seçkilərdə Le Penin partiyası qalib gəldi:
"Əslində, 2027-ci ilədək Makron prezidentlik postunda qalacaq. Amma Nazirlər Kabinetində və qanunvericilik orqanındakı dayaqlarını kifayət qədər zəiflədib. Ona görə də məcburi koalisiya hökuməti qurmalıdır. Hesab edirəm ki, Makronun xarici və daxili siyasəti uğursuzluğa düçar olmaqdadır. Fransa tarixində bu, ilkdir. Makron hakimiyyətdə ola-ola onun partiyası seçkidə ağır məğlubiyyətə məruz qaldı. Bu, Makronun apardığı destruktiv siyasətin nəticəsidir. Fransada keçirilən sosial xarakterli etirazlar artıq öz nəticəsini verməkdədir. Xalq hökumətin həyata keçirdiyi siyasətdən tam narazıdır və onu yola salırlar".