Məsud Pezeşkian Rusiya ilə saziş imzalamağa hazırdır

İran oktyabrda Kazanda keçiriləcək BRICS sammitində Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə imzalamağa hazırdır.
Bu barədə İslam Respublikasının seçilmiş prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə telefon danışığında bildirib.
"İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq haqqında sazişlə bağlı sənədlərin hazırlanması başa çatıb, biz onu Rusiyada keçiriləcək BRICS sammiti çərçivəsində imzalamağa hazırıq", - deyə o bildirib.
"Dostumuz və qonşumuz olan Rusiya ilə münasibətlərə böyük əhəmiyyət veririk və şübhəsiz ki, bu münasibətləri gücləndirəcəyik", - deyə siyasətçi əlavə edib.
Putinlə söhbəti zamanı Pezeşkian iki dövlətin BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və beynəlxalq, həmçinin regional təşkilatların platformalarında əməkdaşlığın vacibliyini vurğulayıb.
Seçilmiş prezident qeyd edib ki, İslam Respublikasının yeni hökuməti mayın 19-da təyyarə qəzasında həlak olmuş sabiq dövlət başçısı İbrahim Rəisi dövründə əldə edilmiş bütün İran-Rusiya razılaşmalarının həyata keçirilməsinə çalışacaq.