NATO beş ildə 650 ədəd F-35 qırıcısı istehsal etməyi planlaşdırır

NATO ölkələri qarşıdakı beş il ərzində hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı, azı 50 gəmi və sualtı qayıq əlavə etməyi planlaşdırır.

AZƏRTAC “The New York Times” nəşrinə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“Növbəti beş ildə NATO müttəfiqlərimiz hərbi arsenallarını modernləşdirmək üçün 650-dən çox beşinci nəsil F-35 qırıcıları, 1000-dən çox hava hücumundan müdafiə sistemi, 50-yə yaxın döyüş gəmisi və sualtı qayıq, 1,2 min tank, 11,3 min döyüş maşını və 2 minə yaxın artilleriya sistemi istehsal edəcək”, - deyə Sallivan qeyd edib.

Onun sözlərinə görə, Hind-Sakit okean regionundakı yaxın tərəfdaşlar da hərbi xərclərini artırırlar. Yaponiya 2027-ci ilədək milli təhlükəsizliyin maliyyələşdirilməsini iki dəfə artırmağı, Cənubi Koreya isə yaxın beş ildə müdafiəyə 260 milyard dollar yönəltməyi, yəni müdafiə xərclərini ildə orta hesabla 6,8 faiz artırmağı planlaşdırır. Sallivan əlavə edib ki, Avstraliya 2025-ci ildə hərbi ehtiyaclara 37 milyard dollar xərcləyəcək.