Paşinyan ABŞ dövlət katibinin müavini ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Ermənistanın baş naziri və ABŞ dövlət katibinin müavini Azərbaycanla sülh prosesini müzakirə ediblər.

APA xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ermənistan və Azərbaycan arasında danışıqlar prosesini müzakirə ediblər.

Bu barədə hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir:

"Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər. Dövlət katibinin müavini vurğulayıb ki, Birləşmiş Ştatlar iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə töhfə verməyə davam edəcək. İkitərəfli əməkdaşlıq kontekstində, Nikol Paşinyan ölkəmizdə demokratik islahatların, xüsusilə ədliyyə, korrupsiyaya qarşı mübarizə, yaxşı idarəetmə, ictimai xidmətlər, polis və digər sahələrdə səmərəli şəkildə təşviq edilməsində ABŞ-ın davamlı dəstəyini vurğulayıb, Baş nazir qeyd edib ki, Demokratiya Ermənistan hökuməti üçün strateji və prioritet əhəmiyyət kəsb edir.”