Vüqar Bayramov: Ermənistanda iqtisadi artım sözdə demokratiya ilə bağlı deyil

Bu, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən sonra yenidən ixrac hesabına mümkün olub
 
 
 ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer yenidən Ermənistandadır və yenidən İrəvanı tərifləyən paylaşımları ilə diqqəti çəkib. İrəvandan etdiyi sonuncu paylaşımda xanım Pauer Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan iqtisadiyyatının 30, maaşların isə 87 faiz artdığını bildirib və bunu həmin ölkədə demokratik inqilab ilə əlaqələndirib.
Bu rəqəmlər maraqlı  sual yaradır: İnkişafın səbəbi sözdə demokratiyadır, yoxsa sanksiyalardan yayınma?
 Millət vəkili Vüqar Bayramovun “Sherg.az”a açıqlamasına görə, Ermənistanda iqtisadi artım sözdə demokratiya ilə deyil, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən sonra re-eksport (yenidən ixrac) hesabına mümkün olub. Onun sözlərinə görə, sanksiyalardan yayınan Ermənistan son 2 ildə Rusiyaya ixrac və idxalını kəskin artıb:

 “Rəqəmlər öz sözünü deyir: Ermənistanda ÜDM artımı: 2020-ci ildə mənfi (-) 7,2 faiz, 2021-ci ildə 5,7 faiz (əvvəlki ildəki kəskin azalma ilə əlaqədar), 2022-ci ildə 12,6 faiz, 2023-cü ildə 8,7 faiz. Baş nazir Paşinyan hakimiyyətə gələndən, yəni USAİD rəhbərinin qeyd etdiyi 2018-ci ildən sonrakı 3 ildə Ermənistanda ÜDM cəmi 1,2 faiz artıb. Lakin Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanın ÜDM-i 75,0 faiz artaraq 13,86 milyard dollardan 2023-cü ildə 24,21 milyard dollara yüksəlib”.