Ermənistanın Avropa Birliyinə (AB) üzvlüyü nağıldır, boş ciblə heç kim onu qəbul etməyəcək.
Bunu erməni deputat Artur Xaçaturyan deyib. “Paradoksal durumdur, rəsmilərimiz Avropa ilə yaxınlaşmaqdan, inteqrasiyadan danışırlar, amma Ermənistanla Avropa arasında ticarət dövriyyəsi heç vaxt bu qədər aşağı səviyyədə olmayıb. Bu ilin birinci yarısında AB-yə ixrac ümumi ixracımızın cəmi 3.5 faizini təşkil edib. Bir nağılın motivləri əsasında çəkilmiş film yadıma düşdü: belə boş ciblə hara gedirsiniz, cənab Panos?”, - deputat bildirib.
Artur Xaçaturyanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, Ermənistan doğurdan da Avropa İttifaqı üçün əlavə yükdən başqa bir şey olmayacaq:
“Ermənistan da, Avropa da rəsmi İrəvanın Aİ-yə üzv olmasını istəyə bilər. Bu nəzəri cəhətdən mümkündür. Amma reallıq tamamilə başqadır. Birincisi Ermənistan təcrid olunmuş ölkədir. Avropa Birliyi isə öz coğrafiyasında belə bir dövləti görmək istəməyəcək. Digər tərəfdən Ermənistan Avropa İttifaqının ən zəif ölkələrindən belə ciddi şəkildə geridə qalır. Avropa İttifaqı da bu faktoru nəzərə alaraq Ermənistanı öz sıralarında görmək niyyətində deyil. Üçüncü bir tərəfdən Ermənistanın dünyaya və Avropaya açılmasının bir yolu var ki, bu da Azərbaycanla sülh müqaviləsi bağlamaqdan ibarətdir. Eyni zamanda Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır. Daha sonra hansısa ixrac və idxal məsələləri üçün Ermənistanın dünyaya yolu açıla bilər. Belə olan halda Avropa İttifaqı da, digər qurumlar da Ermənistana daha çox maraq göstərəcəklər. Amma bu da Ermənistanı dərhal Avropa İttifaqına qəbul edəcəkləri anlamına gəlmir. Yəni Ermənistan Avropa İttifaqına üzv olmaq istəyirsə qarşılıqlı şəkildə nəsə təklif etməlidir. Avropa Birliyi Ermənistandan nə ala bilər və yaxud rəsmi İrəvan nə təklif edə bilər? Hələlik isə bu suallar açıqdır”.
Ekspert vurğulayıb ki, Ermənistanın öz ərazisindən dünyaya açılması üçün bütün yollar bağlıdır:
“Bir tərəfdən İran üzərindən dünyaya çıxmaq çox məşəqqətli məsələdir. Digər tərəfdən isə Gürcüstan üzərindən Qara dənizə açılıb, daha sonra İstanbul boğazından keçmək də mümkün deyil. Belə bir şəraitdə Ermənistanı heç kim Avropa İttifaqında gözləmir. Həqiqətən də Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyi nağıldır. Həmin xəyalların reallaşması üçün Ermənistanın normal dövlətə çevrilməsi lazımdır".