İndi bizə məsləhət görürlər, hər tərəfdən üstümə tökülürlər: “Burdan geri çəkil, oranı azad et”. Burdan başlayıb belə bitirirlər:
“Rusiyaya tüpür, ona arxa çevir. Ukrayna ilə birlikdə Rusiyaya qarşı vuruş. Biz NATO qoşunlarını Smolensk yaxınlığındakı sərhədə gətirəcəyik”. Bu sözləri Belarus lideri Aleksandr Lukaşenko Respublika Pedoqoji Şurasında çıxış edərkən deyib. O əlavə edib ki, hər tərəfdən ona müxtəlif təkliflər verirlər, ölkə isə bu təkliflərin 99%-ni qəbul edə bilməz. Lukaşenko bildirib ki, bunları deməklə hansı vəziyyətdə olduqlarını, hansı durumda yaşadıqlarını hamının başa düşməsini istəyir: “Sizə deyə biləcəyim tək şey budur. Və mən bu gün çox şey deyə bilmərəm: bütün digər suallar mənə aiddir. Öz işinizlə məşğul olun, mən də hökumətdəki həmkarlarımla, yüksək vəzifəli məmurlarla birlikdə işimi görəcəm”. O qeyd edib ki, Belarus ətrafında indiki kimi mürəkkəb situasiya heç vaxt olmamışdı: “Amma ölkə dözməlidir! Hamımız suveren və müstəqil olmaq istəyirik. Onu necə saxlamaq olar - hər kəs bu barədə düşünməlidir. Buna hazır olun. Hər şey bizdən – müəllimlərdən başlayır”.
Lukaşenkonun fikirlərinə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a bildirib ki, Belarus məsələsi həqiqətən də detallı şəkildə araşdırılması lazım olan haldır:
“Çünki dünyada baş verən qarşıdurmalar fonunda həmişə ABŞ, Rusiya, İngiltərə və Çindən danışırıq. Amma Belarus kimi vacib ölkələr ikinci planda qalır. Belarusu vacib edən isə Lukaşenkonun dedikləridir. Lukaşenko xalqına başa salmağa çalışır ki, onlar həm siyasi, həm də coğrafi baxımdan elə bir nöqtədə dayanırlar ki, hər an Şərq və Qərb qarşıdurmasının növbəti poliqonuna çevrilə bilərlər. Biz birmənalı olaraq Likaşenkonu Rusiyayla müttəfiq əlaqələrə üstünlük verən və ölkəsini Sovet nostalgiyasında idarə edən lider kimi görürük. Amma Lukaşenko iqtidarı heç vaxt Qərbə üz döndərməyib. Hətta Belarus tərəfi Qərbdən qopmaq istəmədiklərini bildirirlər. Bu isə müəyyən zərurətdən irəli gələn bir danışıqdır. Çünki Lukaşenko yaxşı fərqindədir ki, o, Ukraynanın etdiyini həyata keçirsə, Rusiya Belarusu da cəzalandıra bilər. Ona görə də Rusiyadan uzaqlaşmağı seçim olaraq heç vaxt düşünməyib”.
Ekspert qeyd edib ki, Amma Lukaşenko qlobal qarşıdurmanın artdığı bir vəziyyətdə NATO və Qərbdən gələcək təhlükələri yaxşı hesablayıb:
“Yəni Lukaşenko bildirmək istəyir ki, onların seçim etmək şansları yoxdur. Bütün bunların fonunda Lukaşenko Belarus xalqının onun siyasətini xor görməməsini və yanlışlarını görməzdən gəlməsini istəyir. Əgər Şərq-Qərb qarşıdurması ən yüksək həddə qalxarsa, Belarus xalqı da xilası olmayan nöqtəyə çatacaq. Digər tərəfdən isə Şərqi Avropa məsələsində Rusiya və Qərb ortaq məxrəcə dinc yolla gələ bilərlər. Həmin zaman Şərqi Avropa Rusiya və Qərb arasında bölüşdürüləcək. Sözügedən bölüşdürülmə zamanı Belarus kimin məsuliyyət zonasına daxil olacaqsa, həmin tərəfi seçəcək”.