TRT Haber” yaydığı məlumata görə Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına dəvət olunub. Qeyd olunub ki, Türkiyə beş ildən sonra ilk dəfə Aİ XİN başçılarının iclasına dəvət edilib. H.Fidanın dəvət qəbul etdiyi və toplantıya gedəcəyi bildirilir. Bu addım Aİ-nin Ankara ilə dialoqu bərpa etmək cəhdi kimi qiymətləndirilir. H.Fidan iclas çərçivəsində ölkəsinin prioritetlərini ortaya qoyacaq.
Xatırladaq ki, iclas Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin sədrliyi ilə avqustun 29-da Brüsseldə keçiriləcək. Aİ XİN rəhbərləri gərginliyin artması fonunda Yaxın Şərqdəki vəziyyət və Qəzzada atəşkəsə nail olmaq üçün davam edən danışıqlara da toxunacaqlar. BMT-nin Qəzza üzrə humanitar və yenidənqurma ilə bağlı baş koordinatoru Siqrid Kaaq nazirlərə məlumat vermək üçün müzakirələrə qoşulacaq.
Venesueladakı prezident seçkilərindən sonra yaranmış siyasi böhran da iclasın gündəliyinə daxil edilib.
Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a söyləyib ki, sözügedən iclasda əsas müzakirə mövzusu Ukrayna və Qəzza məsələsi olacaq:
“Ukraynaya dəstəyin artırılması məsələsi masaya yatırılacaq. Eyni zamanda, Qəzzayla bağlı fikir mübadiləsi aparılacaq. Fikrimcə, Yaxın Şərqdəki durumla bağlı konkret qərarın qəbul olunması daha çətin olacaq. Çünki Avropa İttifaqının Ukraynayla bağlı mövqeyi daha konkretdir. Əslində, nəzərə alsaq ki, Yaxın Şərq və Şərqi Avropa dünya xəritəsinin iki önəmli regionudur. Bütün dünya gücləri hər iki regionda baş verən proseslərlə bu və ya digər dərəcədə əlaqəlidir. Demək ki, sabahkı iclasda gözlənilən Üçüncü Dünya Müharibəsi də müzakirə ediləcək. Həmçinin, iclasda konkret qərarların qəbul olunması mümkündür. Digər tərəfdən isə Cənubi Qafqaz və Mərkəzi Asiya kimi məsələlər də gündəm mövzusu ola bilər. Türkiyənin Avropa İttifaqının iclasına dəvət olunmasına gəldikdə isə düşünürəm ki, Avropa İttifaqının geri çəkilməsi kimi qiymətləndirilməlidir. Çünki Avropa İttifaqı öz üzvlüyünə Türkiyəni qəbul etmir. Hətta ittifaq daxilindəki bəzi ölkələr zaman-zaman Türkiyəyə qarşı çıxırlar. Hesab edirəm ki, Türkiyənin iclasa dəvəti ciddi siqnal kimi qəbul olunmalıdır. Görünür ki, Avropa İttifaqı Türkiyəyə ehtiyacının olduğunu başa düşür”.