Hollivud “ulduzu” az qala ağlını itirəcəkdi

“Məndən bu qədər”

  Məşhur “Qladiator” filminin qəhrəmanlarından biri – amerikalı aktyor, filmdə Mark Avrelinin oğlu Kommodun obrazını canlandırmış Xoakin Feniks başına gələnlərdən danışıb. Aktyor deyib ki, bir film üçün arıqlamaq lazım gəlib, o da diyetaya başlayıb.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, diyeta aktyora baha başa gəlib, hətta ağlını itirmək təhlükəsi ilə üzləşib. “Qladiator”, “Eşq”, “Sərhəddi aşmaq” kimi filmlərdə rol alan aktyor “Joker” filmində Artur Flek rolunu ifa edib. “Joker” filmi 2019-cu ildə prokata daxil olub. Və aktyora  böyük şöhrət gətirib. Xoakin Feniks “Ən yaxşı kişi aktyor” nominasiyasında “Oskar” mükafatına layiq görülüb. Filmin uğur qazandığını görən çəkiliş heyəti  filmin davamını çəkmək qərarına gəlib. “Joker: Folie a Deux” filminin çəkilişləri üçün aktyor rol gərəyi arıqlamalı olub. Ona özəl diyeta təyin edilib. Aktyor arıqlamaq üçün uzun müddət quşqonmaz bitkisi, kahı və  alma ilə qidalanıb. Nəticədə 24 kiloqram çəki atıb. Bunun necə əzablı bir iş olduğundan isə aktyor Venesiya film festivalında bəhs edib. Film festvalında “Joker” filminin davamı nümayiş olunub. Fəxri qonaqlar sırasında festivalf qatılan aktyor kameralar önünə keçib. Onun həqiqətən də xeyli çəki atdığı gözdən yayınmayıb. Aktyor bu barədə danışıb: “Az qala ağlımı itirəcəkdim. Diyeta haqqında danışmaq istəmirəm. Düşünmürəm ki, bu, kimin üçünsə maraqlı olacaq. Lakin bu diyeta məni az qala bitirəcəkdi. Uzun müddət yalnız kahı, alma, bir də quşqonmazla qidalandım. Çox zəiflədim, ağlım başımdan çıxacaq vəziyyətə düşdüm. Fiziki baxımdan çox bitkin hala gəldim. Diyetanı dayandırdım. 49 yaşım var. Bundan sonra hər hansı film üçün özümə əziyyət verməyəcəm. Bir daha belə bir şey təkrarlanmayacaq. Məndən bu qədər”.