Zelenski xalqının müharibə istəmədiyini, ancaq işğalla barışmayacağını bir daha Qərb liderlərinin diqqətinə çatdırıb
Rusiya paytaxtı Moskvaya kütləvi PUA hücumu edilib. Məlumata görə, ilk hücum Lyubertsı şəhər dairəsinə edilib. Daha sonra Jukovski rayonunda PUA-lar vurulub. Yerli sakinlərin bildirdiyinə görə, azı 6 partlayış səsi eşidiblər. Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri Podolsk, Ramenskoe, Lyubertsı, Domodedovo və Kolomna şəhər dairələrində 14 PUA vurub. Rusiya mətbuatı Ramensk rayonundakı yaşayış binasında 11 və 12-ci mərtəbələrdə yanğın baş verdiyini yazıb. Digər yaşayış binasında isə 20-yə yaxın mənzildə yanğın olub. 3 nəfər qəlpə yarası alıb.
Ukrayna üçün böyük risk: Rusiya Donetskin sərhədinə çata bilər
Ukrayna Silahlı Qüvvələrinin mayoru, III diversiya-hücum briqadası komandirinin müavini Maksim Jorin deyib ki, Donetsk vilayətinin Pokrovsk şəhəri Rusiyanın gələcək planları üçün çox vacib yaşayış məntəqəsidir: "Təsadüfi deyil ki, Pokrovska çox diqqət yetirilir. Bir çox digər şəhərin - məsələn, Avdeyevkanın dəyəri odur ki, logistika imkanlarına malikdirlər və s. Pokrovsk isə düşmənin gələcək planları üçün çox vacib bir qəsəbədir". Onun sözlərinə görə, Pokrovsk alınarsa, Rusiya Federasiyası Donetsk vilayətində daha da irəliləməyə, həmçinin cənuba və ya Dnepropetrovsk vilayətinə getməyə cəhd edə bilər.
Ərazi mübadiləsindən söhbət getmir, əsas problem...
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna konfliktində başlıca problemin nədən ibarət olduğunu açıqlayıb. XİN rəhbəri bildirib ki, bu situasiyada ərazi mübadiləsindən deyil, insanların hüquqlarından söhbət gedir: “Əgər biz atəşkəs çağırışlarını müzakirə etsək və ərazi mübadiləsi haqqında düşünsək, bu, qeyri-ciddi olar”. O, problemin Ukraynada "qanunla tapdalanan" insanların hüquqları ilə bağlı olduğunu vurğulayıb. Lavrov əlavə edib ki, siyasi məkanda Ukraynada nizamlanma təşəbbüsləri kontekstində insan haqlarından söhbət getmir.
Zelenskinin sülh planı: Rusiya dəvət olunacaq...
Ukrayna Prezidenti Volodimir Zelenski bu payızda müharibəni məqbul şərtlərlə bitirmək üçün Rusiyaya beynəlxalq təzyiqlərə ümid edir. Cəbhə xəttində yaxşı perspektivlərin olmadığını və bəzi əsas müttəfiqlərin hərbi yardımının azala biləcəyi riskini dərk edən Volodimir Zelenski bu payızda müharibəyə son qoymaq və Kiyevə məqbul olan sülhə nail olmaq üçün birtərəfli yol xəritəsi üzərində işləyir və Rusiyaya beynəlxalq təzyiqlərə arxalanır. Zelenski planını ilk dəfə avqustun 27-də açıqlamışdı: “Mən bu planı Rusiyanın iradəsi ilə deyil, tərəfdaşlarımızın sayəsində həyata keçirə biləcəyini əsas götürdüm”. Məlumata görə, bu məqsədə çatmaq üçün əsas rıçaqlardan biri Ukraynanın Kursk vilayətində keçirdiyi əməliyyatın uğuru olacaq. Bu planın tərəfdaşlarına təqdim edilməsi ilə paralel olaraq, Kiyev ilin sonuna qədər ikinci Sülh Sammitini təşkil etməyə hazırlaşır və birincidən fərqli olaraq, Rusiyanı dəvət etməyi planlaşdırır. Zelenski və digər ukraynalı siyasətçilərin bəyanatlarından aydın olur ki, ikinci görüşün məqsədi Kiyevin sənəddə təklif etdiyi şərtlərlə sülhə razılıq verməsi üçün Rusiyaya təzyiq göstərməkdir. Eyni zamanda bu təzyiqin effektivliyi böyük ölçüdə Rusiyaya yaxın olan Çin və Hindistan kimi güclərin mövqeyindən asılıdır, onlar hələlik Moskvaya öz təsirlərindən istifadə edərək Rusiyanı Ukraynadan tam və ya qismən çıxmağa məcbur etmək istəmirlər.
Ukrayna çıxmayana qədər danışıq yoxdur...
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib ki, Ukrayna ordusu Rusiya Federasiyası ərazisindən çıxarılmayana qədər Moskva Kiyevlə danışıqlar aparmayacaq: “Ukrayna ordusunu öz ərazimizdən çıxarmayana qədər, təbii ki, onlarla heç bir danışıqlar aparmayacağıq”. Şoyqu həmçinin Ukrayna ordusunun Kursk AES-də nüvə terroru həyata keçirmək istəyini terrorizmin ən yüksək səviyyəsi adlandırıb.
"Müharibənin dayandırılacağı və ya atəşkəs elan edəcəyi ehtimalı azdır"
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, sülh istəyirlər, ancaq tərəflərin reallıqları fərqlidir. Ekspert vurğulayıb ki, Zelenski Qərb ölkələrinin Ukraynaya daha çox hərbi texnika göndərməsini və ölkəsinə verilən raket qurğularından Rusiyanın içərilərinə doğru zərbələr endirilməsinə icazə verilməsini istəyib:
"Başda ABŞ olmaqla Ukraynaya göndərilən hərbi texnikanın həcmini artıracaqlarını vəd ediblər. Ancaq ABŞ-nin müdafiə naziri Lloyd Ostin Zelenskiyə müsbət cavab verməyib. Zelenski Almaniyadan sonra İtaliyaya səfər edərək bu ölkənin baş naziri Corciya Meloni ilə görüşüb. İtaliyanın baş naziri sentyabrın 7-də Beynəlxalq Çernobbio Forumunda çəçivəsində Volodimir Zelenski ilə görüşündə Çin və ya Hindistanın Rusiya-Ukrayna münaqişəsinin həllində rol oynaya biləcəyini söyləyib. “Çin və Hindistanın bu münaqişənin həllində rolu ola bilər” deyən Meloni eyni zamanda Ukraynanı tək buraxmayacaqlarının vədini verib. Meloni forumdakı çıxışında “beynəlxalq hüququn qaydaları ləğv edilərsə, böhranlar və xaos çoxalacaq” fikrini səsləndirib. Çin və ya Hindistanın vatisəçi ola biləcəyi fikrini Rusiya Prezidenti Vladimir Putin də səsləndirib. Putin bu ölkələrin münaqişə ilə bağlı bütün məsələləri səmimi şəkildə həll etməyə çalışdığını bildirib. Kreml sahibinin bu bəyanatı Hindistanın Baş naziri Narendra Modinin Rusiya və Ukraynaya səfərindən sonrakı dövrə təsadüf edib. Göründüyü kimi, Meloninin simasında bir qrup Qərb liderinin müharibəyə son qoymaq üçün Çin və ya Hindistanın vasitəçi ola biləcəyi fikrinə şərikdirlər. Ancaq hazırkı şərtlər daxilində müharibənin dayandırılacağı və ya atəşkəs elan edəcəyi ehtimalı azdır. Zelenski Ukrayna xalqının müharibə istəmədiyini, ancaq işğalla barışmayacağını bir daha Qərb liderlərinin diqqətinə çatdırıb. Vladimir Putin də sülh danışıqlarına hazır olduğunu, ancaq “reallıqların” nəzərə alınmasını istəyib. Putinin Krımın ilhaqı və Ukraynanın şərqinin işğalını nəzərdə tutan “reallığını” isə Kiyev heç zaman qəbul etməyəcək".