Amerikada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın Baş naziri Nikol Paşinyana müəllifi olduğu kitabı hədiyyə etməsi maraqla qarşılanıb.
"Sherg.az" ın araşdırmasına görə, Ərdoğanın qələmə aldığı "Daha ədalətli bir dünya mümkündür" kitabı "Türküvaz" nəşriyyatında ərəb, rus, ingilis, ispan dillərində çap olunub.
Kitabda Ərdoğanın müasir dünya siyasətinə baxışı, ədalət axtarışları, Türkiyənin bütün insanlıq üçün ortaya qoyduğu dəyərlər ayrıntılı izah olunur.
Ədalətsizlik, qaçqın böhranı, beynəlxalq terrorizm və İslam əleyhdarlığı başda olmaqla, qlobal siyasətin çıxılmazlarına toxunan Ərdoğan Yer üzündəki ayrı-seçkilik və ikili standartı Birləşmiş Millətlər Təşkilatı nümunəsində gözlər önünə gətirir. O, BMT-nin funksionallıq, fəaliyyət, təmsil və idarəçilik problemlərinə diqqət çəkərək bu qurumda geniş bir islahata ehtiyac duyulduğunu bildirir.
Əsərdə Birləşmiş Millətlər Təşkilatı üçün sadə, əhatəli, strateji və tətbiq oluna bilən bir model təklif edilir ki, bununla da Ərdoğan daha ədalətli bir dünyanın mümkün ola biləcəyinə işarə vurur.
Kitabında Ərdoğan "uşaqların öldüyü və öldürüldüyü bir dünyada heç kim günahsız deyil" deyə mesajlar verir.
Dünyada ədalət, ədalətsizlik arayışlarına toxunan Ərdoğan yazır:
“Bu gün dünya üzrə ən çox ehtiyac duyulan mövzuların başında ədalət gəlir. Qlobal ədaləti təsis etmək öhdəliyini götürən təşkilatlar çox təəssüf ki, böyük bir ətalət içindədir”.
“Mərhəmətini itirmiş bir zəmanədə bizə ədalətin nümayəndəsi, viçdanların səsi olma məsuliyyəti düşür”.
“Keçmişin ehtiyaclarına görə qurulmuş təşkilatlarla bu günün məsələləri həll edilmir, əksinə, onlar daha da yeni problemlər çıxarır”.
“Bizim anlayışımıza görə, dünyanın nizamını, qurtuluşunu və xoşbəxtliyini yalnız ədalət təmin edər. Daha ədalətli bir dünya üçün ümid və güvən verən bir qlobal nizama ehtiyac vardır."
Qeyd edək ki, kitabın satışından gələn gəlirlər Türkiyə Fövqəladə Hallar Departamentinə (AFAD) bağışlanır.