Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmadan Türkiyə-Ermənistan sərhədləri açılmayacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki Türk Evində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə iki ölkənin münasibətlərində normallaşma, Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə olunub. Prezident Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib. Ərdoğan Ankara ilə İrəvanın ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etdiyini qeyd edib.
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov "Sherg.az"a deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün başlıca şərt var. Analitik vurğulayıb ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi İrəvan-Bakı arasında gedən sülh danışıqlarının müsbət nəticəsindən sonra mümkündür:
"Türkiyə Bakının rizası olmadan Ermənistanla hansısa formada normallaşma istiqamətində addım atmayıb və atmaq fikrində də deyil. Türkiyə rəhbərliyi bunu dəfələrlə vurğulayıblar. Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşmadan, sülh sazişi imzalanmadan Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Türkiyə Azərbaycanın haqlı mövqeyini sonadək müdafiə edəcək. Bu, prinsipial məsələdir. Türkiyə rəhbərliyi də dəfələrlə İrəvan hökumətinə çağırış edib ki, əgər ikili münasibətlərin normallaşmasını istəyirsizsə, Bakı ilə sülh danışıqlarını başa çatdırın. Türkiyə bu prinsipiallığı qoruyub saxlayır. Ərdoğan-Paşinyan görüşündə də bu məqamlara diqqət çəkildiyi şübhəsizdir. Ancaq görüşdə müzakirə olunan məsələlər daha çox sülh sazişindən sonrakı mərhələni əhatə edir. İlk mərhələ münasibətlərin normallaşması, sonrakı mərhələ isə siyasi-iqtisadi əməkdaşlığın qurulmasıdır".