Türkiyə lideri erməni cəmiyyətini maariflənməyə çağırdı
Amerikada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan Baş naziri Nikol Paşinyana müəllifi olduğu kitabı hədiyyə etməsi maraqla qarşılanıb. Ərdoğanın qələmə aldığı "Daha ədalətli bir dünya mümkündür" kitabı "Türküvaz" nəşriyyatında ərəb, rus, ingilis, ispan dillərində çap olunub. Kitabda Ərdoğanın müasir dünya siyasətinə baxışı, ədalət axtarışları, Türkiyənin bütün insanlıq üçün ortaya qoyduğu dəyərlər ayrıntılı izah olunur. Ədalətsizlik, qaçqın böhranı, beynəlxalq terrorizm və islam əleyhdarlığı başda olmaqla, qlobal siyasətin çıxılmazlarına toxunan Ərdoğan yer üzündəki ayrı-seçkilik və ikili standartı Birləşmiş Millətlər Təşkilatı nümunəsində gözlər önünə gətirir. O, BMT-nin funksionallıq, fəaliyyət, təmsil və idarəçilik problemlərinə diqqət çəkərək bu qurumda geniş bir islahata ehtiyac duyulduğunu bildirir. Əsərdə Birləşmiş Millətlər Təşkilatı üçün sadə, əhatəli, strateji və tətbiq oluna bilən bir model təklif edilir ki, bununla da, Ərdoğan daha ədalətli bir dünyanın mümkün ola biləcəyinə işarə vurur. Kitabında Ərdoğan "uşaqların öldüyü və öldürüldüyü bir dünyada heç kim günahsız deyil" deyə mesajlar verir.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Türkiyə lideri R.T.Ərdoğanın kitabını görüşdüyü liderlərə bağışlaması ənənəsi var. Ekspertə görə, burada digər məqsəd erməni Baş nazir Nikol Paşinyanın əliboş qayıtmaması da ola bilərdi:
"Çünki Paşinyan Ərdoğandan “ilkin şərt” olmadan (Azərbaycan olmadan) münasibətlərə təkan verməyi istəsə də, Ankara Bakı şərtini təkrarlayıb. Ərdoğan BMT tribunasında çıxışında da bəyan edib ki, “Bakı və İrəvan arasında münasibətlərin normallaşması Türkiyə ilə Ermənistan arasındakı əlaqələrə də təsir edəcək”. Bunun BMT tribunasından elan edilməsi Ankaranı Bakının maraqlarını nəzərə almadan İrəvanla danışıqlara getməyə məcbur etmək istəyən qüvvələrə də açıq mesajdır".