Ukraynada 100 min hərbçi fərarilik edib?

"2022-ci ildən bəri 100 mindən çox hərbi qulluqçu icazəsiz olaraq öz hissələrini tərk edib".
Bakupost.az xəbər verir ki, bu rəqəmi "Kiyev24" telekanalının efirində veteranlara və onların ailələrinə dəstək mərkəzinin hərbi hüquqşünası Roman Lixaçev vəkillərin məlumatına istinadən səsləndirib.
O qeyd edib ki, işlərin sayını deyil, hər bir iş üzrə təqsirləndirilən şəxslərin sayını hesablamaq lazımdır. Lixaçev deyib:
“Hərbi hissəni icazəsiz tərk etmə ilə bağlı bəzi cinayət işlərində 20-30 nəfərin adı keçir. Araşdırdıqlarımıza əsasən, deyə bilərəm ki, bu, 2022-ci ildən bu yana 100 mindən artıq hərbçi edir. Amma dəqiq rəqəmləri yalnız Ukrayna Silahlı Qüvvələrində bilirlər”.
Onun sözlərinə görə, ünsiyyətdə olduğu və xidmətə qayıtmağın əleyhinə olmayan müştərilər eyni hərbi hissəyə qayıtdıqdan sonra evə getdikləri üçün yenidən münaqişələrin yaşanacağından və gələcəkdə də onları cəza batalyonuna göndərəcəklərindən qorxurlar. Onlar həmkarlarının məzəmmətindən də danışırlar.
Hüquqşünasın sözlərinə görə, hərbi hissəni icazəsiz tərk edənlərin çoxu xaricdədirlər.