Bu halda Tehran bölgədə ən güclü proksi qüvvəsini itirmək riski ilə qarşılaşır
“Tehran dilemmatik vəziyyətə düşür. Bu baxımdan, İran cavab zərbələrini Hizbullah vasitəsilə vurmaq xəttinə üstünlük verə bilər"
İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbələr nəticəsində Hizbullahın müxtəlif rütbəli 20-dən çox üzvü öldürülüb. Ölənlər arasında hərəkat lideri Seyid Həsən Nəsrullah da olub. Tibbi ekspertizaya görə, Nəsrullah bomba partlaması nəticəsində baş və bədənin müxtəlif yerlərindən aldığı travma nəticəsində ölüb. Haşim Səfiəddini təşkilatın yeni rəhbəri seçib. Səfiəddin 1964-cü ildə Livanın cənubundakı Deyr Qanun əl-Nahrda nüfuzlu şiə ailəsində anadan olub. Nəsrullahın ana tərəfdən qohumudur. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, "Hizbullah"ın "ikinci nömrəsi" hesab olunur. 2017-ci ildə ABŞ Dövlət Departamenti onu terrorçu kimi tanıyıb. O, "Hizbullah"ın üç əsas liderindən biridir. 2020-ci ilin iyun ayında oğlu Seyid Rza Haşim Səfiuddin keçmiş Qüds Qüvvələri komandiri Qasim Süleymaninin qızı Zeynəb Süleymani ilə evlənib. İsrailin Livanın Bekaa vadisinə endirdiyi aviazərbələr nəticəsində “Əl-Qəmə əl-İslamiyyə” qruplaşmasının lideri Məhəmməd Dəhrucanı da məhv edib.
Köçkünlərin sayı yarım milyona çatdı
Livanın Baş naziri Nəcib Mikati deyib ki, hökuməti İsrailin mülki ərazilərə davam edən hücumları nəticəsində köçkünlərin sayının artmasından narahatdır: “Ölkənin cənub rayonlarında qaçqınların sayı yarım milyona çatır. Hakimiyyət onları sığınacaqla təmin etmək üçün bütün imkanlardan istifadə edir”.
Hizbullah rəsmisi: "İsrail qurudan hücum edərsə, döyüşməyə hazırıq"
Hizbullah baş katibinin müavini Naim Qasım bildirib ki, İsrail qurudan hücum edərsə, döyüşməyə hazırdırlar: “Hizbullah liderini əvəz edəcək adamlar var, biz lazım olan hər şeyi etdik və alternativlərimiz var. Biz Hizbullah üçün yeni rəhbər seçəcəyik. Düşmənlərimizin ağlında olanların heç biri həyata keçməyəcək və Allahın izni ilə qələbə bizimdir”.
İddia - Nəsrullahı İran casusu satıb
“Parisien” qəzeti Livan təhlükəsizlik orqanlarındakı mənbəyə istinadla məlumat yayıb ki, Hizbullah lideri Həsən Nəsrullaha sui-qəsd edilməzdən əvvəl İsrail onun cümə günü Beyrutun cənub rayonuna gəlişi ilə bağlı məlumatı İran casusundan alıb: “Nəsrullahın gəlişi ilə bağlı israillilərə iranlı casus tərəfindən məlumat verilib”. Nəşr qeyd edib ki, Nəsrullahın öldürülməsi 2006-cı ildən bu yana keçirilən ən böyük əməliyyat olub.
"Nəsrullahın ölümünə görə İranı diqqətlə izləyirik" - ABŞ
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası Hizbullahın baş katibi Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsinə İranın, Hizbullah hərəkatının, eləcə də İraq və Suriyadakı qrupların mümkün cavablarını diqqətlə izləyir: "Hizbullah, İran, o cümlədən İraq və Suriyadakı qrupların necə və nə vaxt reaksiya verəcəyini anlamaq üçün bunu çox diqqətlə izləyirik. Biz hansısa formada cavab verməyə hazır olmalıyıq".
"ABŞ və Avropa bildirmişdi ki, İran Haniyənin qətlinə cavab verməsə, atəşkəs olacaq, yalançı çıxdılar"
İran Prezidenti Məsud Pezeşkian Qərbi yalan danışmaqda ittiham edib və İsrailin cinayətlərinin cavabsız qalmayacağına söz verib. O deyib ki, ABŞ və Avropa ölkələrinin “İran Tehranda Haniyənin qətlinə cavab verməsə, atəşkəslə bağlı razılığın əldə olunacağına dair” vədləri yalan olub: "İsrailin cinayətləri cavabsız qalmayacaq. Həsən Nəsrullahı öldürməklə İsrail heç bir beynəlxalq normalara əməl etmədiyini bir daha nümayiş etdirdi. Belə cinayətkarlara imkanların verilməsi onları daha çox cinayət törətməyə sövq edir". İran XİN başçısı Abbas Arakçı da deyib ki, Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın şəhadəti böyük itkidir. Lakin bu, müqavimətin sonu demək deyil: "Əksinə, daha böyük güclə dolu yeni bir fəslin başlanğıcından xəbər verir".
İsrail SEPAH komandirlərini və Əsədin qardaşını vurdu
İsrail ordusu Suriya Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin Dəməşqin yaxınlığındakı villasına zərbələr endirib. Hava zərbələrindən sonra Mahir Əsədlə əlaqə kəsilib və onun taleyi barədə bilgi əldə etmək mümkün olmayıb. Başqa məlumata görə isə Suriya ordusunun dördüncü diviziyasının komandanlığının başçısı olan Mahir Əsəd villasında SEPAH komandirləri ilə iclas keçirdiyi zaman vurulub. Ölən və yaralananların sayı barədə hələlik açıqlama verilməyib. Xatırladaq ki, cari ilin fevral ayında M.Əsədin İsrail kəşfiyyatı tərəfindən öldürülməsi barədə məlumat yayılmışdı.
Kreml: Rusiya Nəsrullahın öldürülməsini və Livana zərbələri pisləyir
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsini və Livana endirilən zərbələri pisləyir. Onun sözlərinə görə, Kreml bunun regionda sabitliyin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olduğunu düşünür: “Rusiya tərəfi bu cür hərəkətləri pisləyir, onların regionda vəziyyətin əhəmiyyətli dərəcədə destabilləşməsinə səbəb olduğuna inanırıq. Başlıcası odur ki, Livanda yaşayış məhəllələrinin bu cür bombalanması çoxlu sayda insan tələfatına gətirib çıxarır. Bu, istər-istəməz Qəzzada gördüyümüz kimi humanitar fəlakətə gətirib çıxaracaq”.
"Bu qətllər mürəkkəb konfessional sistemi də çalxalayır"
Politoloq Cəmaləddin Quliyev "Sherg.az"a deyib ki, İranın bölgədə əsas gücü proksilərdir. Bu gücün minimallaşmasında maraqlı olan yalnız ABŞ və İsrail deyil. Ekspertin fikrincə, Bəhreyndə və Yəməndə İran proksilərinə qarşı döyüşən Səudiyyə idi:
"Bəhreyndə ABŞ-nin dəstəyi ilə qalib gəldi, Yəməndə bu mübarizədə ona Çin də dəstək verir. İraqda İran proksilərinin ləğvi ABŞ və regional oyunçuların köməyilə aparılır. "Hizbullah" və HƏMAS-a qarşı müharibədə isə İsrailin arxasında, demək olar, bütün kollektiv Qərb var. "Hizbullah" da, HƏMAS da öz ölkələrinin seçkili orqanlarında təmsil olunduqları halda Qərbin az qala bütün dövlətləri tərəfindən terrorçu təşkilatlar kimi tanınır. Amma onlar sadəcə siyasi təşkilat, ya terror qruplaşmaları deyil, təmsil etdikləri icmaların faktiki yeganə legitim hakimiyyətləri, regiondakı mürəkkəb konfessional sistemdə gizli icma dövlətləridir. Ona görə İsmayıl Haniyə və indi də Həsən Nəsrullahın qətlləri yalnız İranın vəkalət savaş imkanlarını, hərbi və yumşaq gücünü, etibarını zədələməyə xidmət etmir. Bu qətllər mürəkkəb konfessional sistemi də çalxalayır, icmaların yarım dövlət statuslarının ləğvinə yönəlir. Buna nail olunacaqmı? İndiki konfessional dövlətçilik sistemini Birinci Dünya hərbindən sonra regiona Qərb gətirib. Məhz o sistemin sayəsində də İsrail yaradılıb. Sistemin dağılması İsrailə necə təsir edəcək?".
"Cavabın necə olacağı hadisələrin də inkişafını müəyyənləşdirəcək"
Siyasi şərhçi Asif Nərimanlı da bildirib ki, Hizbullahın gücü Nəsrullahın yoxluğunda qruplaşmanın mövcudluğunu saxlayacağı fikrini önə çıxarsa da, ciddi itkilərin olacağı qaçılmazdır. Onun sözlərinə görə, 1992-ci ildən qruplaşmaya rəhbərlik edən Nəsrullah birləşdirici fiqur idi, həm də təkcə Hizbullahda və Livan siyasətində yox, həm də İranın “müqavimət oxu” adlandırdığı coğrafiyada həlledici gücə malik idi:
"Onun yoxluğunda Hizbullahın gələcəyi sual altına düşür. Məsələ qruplaşmanın mövcud olub-olmaması yox, Livan siyasətində və “müqavimət oxu”nda nə qədər təsiredici olacağıdır. Cavabın necə olacağı hadisələrin də inkişafını müəyyənləşdirəcək. İran birbaşa hücuma keçəcəksə, bölgədə İsrailin planlaşdırdığı genişmiqyaslı müharibə qaçılmaz olacaq. Cavab olmasa, yaxud adekvat addım atılmasa, İran xüsusilə “müqavimət oxu” coğrafiyasında ciddi təsir itkiləri ilə üzləşə bilər. Haniyənin ölümündən sonra Nəsrullahla Tehran arasında məhz “cavabın verilməməsi” üzərində fikir ayrılığı yaranmışdı, bu “uçurum”un dərinləşəcəyi ehtimalı böyükdür. Bu dəfə zərbənin birbaşa Hizbullaha vurulduğunu nəzərə alanda, qruplaşmanın İrandan “cavab” tələbi daha da kəskinləşəcək. Bu halda Tehran bölgədə ən güclü proksi qüvvəsini itirmək riski ilə qarşılaşır. Lakin birbaşa cavab zərbəsi beynəlxalq koalisiya ilə üzləşmək təhlükəsini yaratdığı üçün Tehran dilemmatik vəziyyətə düşür. Bu baxımdan, İran cavab zərbələrini Hizbullah vasitəsilə vurmaq xəttinə üstünlük verə bilər".