Bizim ən vacib tapşırığımız ABŞ və Avropa İttifaqı (Aİ) ilə münasibətləri yenidən başlatmaqdır.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim “Gürcü Arzusu” partiyasının seçki proqramını təqdim edərkən deyib. O, Gürcüstan hökumətinin Qərblə əlaqələri yenədən başlatmağa çalışdığını vurğulayıb.
“Biz münasibətlərin hazırkı vəziyyətindən məmnun deyilik. Münasibətlərin yenidən başladılması üçün bizim tərəfimizdən bütün addımlar atılır. Biz əminik ki, gələn il Ukraynada müharibənin başa çatmasından sonra həm ABŞ, həm də Aİ ilə əlaqələrimizi yeniləyəcək qarşılıqlı addımlar atılacaq”, - Kobaxidze deyib.
Hökumət başçısı Avropaya inteqrasiyanın hələ də Gürcüstanın əsas xarici siyasət prioritetlərindən biri olduğunu vurğulayıb.
“2030-cu ilədək Gürcüstan Aİ-yə qoşulmağa ən çox hazır olan namizəd ölkə olacaq. Gürcüstan assosiasiya sazişinin 90 faizini 2028-ci ilədək tamamlayacaq”, - Baş nazir deyib.
O, NATO ilə əməkdaşlığın dərinləşdirilməsinin, həmçinin Çin ilə strateji əməkdaşlığın artırılmasının əsas hədəflər sırasında olduğunu əlavə edib.