Bakı heç kimə baş əymir, Tiflis də... - Mamaladze

ABŞ və Qərb ölkələri Cənubi Qafqazda inkişaf etmiş, güclü, demokratik dövlətlərin olmasını istəmirlər. Onlara müstəqil, suveren, güclü dövlətlər deyil, onlardan asılı, əmrlərini sözsüz yerinə yetirən ölkələr və bu ölkələrin də başında duracaq siyasətçilər lazımdır. Bu gün Gürcüstana edilən təzyiqlər, tətbiq olunan sanksiyalar bunu bir daha sübut edir.

Bu sözləri Azərtac-a müsahibəsində gürcü politoloq Levan Mamaladze deyib.

O qeyd edib ki, ABŞ və Qərbin Cənubi Qafqazda söz sahibi olmaq niyyəti təkcə Gürcüstana təzyiq göstərməklə bitmir. Onlar Azərbaycana da eyni cür təzyiq edirlər:

"Azərbaycanın torpaqları işğal altında olanda yalnız quru bəyanatlar verməklə kifayətlənən bu güclər Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra yenidən əsl simalarını göstərməyə başladılar. Yəni, bu gün Azərbaycan da sanksiyalara, təzyiqlərə məruz qalan ölkədir. Lakin Azərbaycan heç kimə baş əymədən müstəqil siyasət yürüdür, inkişaf edir. Gürcüstan da bu yolu tutub, sübut etməyə çalışır ki, müstəqil dövlətdir və özü öz ayaqları üstündə durmağı bacarır".