Zelenskinin Şimali Koreya iddiası -Şok detallar

Ukrayna prezidenti Vladimir Zelenski dünən xalqa müraciətində Şimali Koreyanın Ukraynadakı Rusiya qüvvələrini dəstəkləmək üçün qoşun göndərdiyini iddia edib.
Sherg.az Milliyete-e istinadən xəbər verir ki, o Şimali Koreyanın bu hərbi addımına görə Ukraynanın tərəfdaşları ilə müdafiə əlaqələrinin dəyişməli olduğunu bildirib:

“Biz görürük ki, Rusiya və Şimali Koreya kimi ölkələrin ittifaqı artmaqdadır. Bu, artıq təkcə silah transferi ilə bağlı deyil. Bu, əslində Şimali Koreyadan insanların işğalçı hərbi qüvvələrə köçürülməsi ilə bağlıdır. Aydındır ki, bu şəraitdə bizim tərəfdaşlarımızla münasibətlərimiz irəli getməlidir. Cəbhənin daha çox dəstəyə ehtiyacı var. Biz Ukraynaya daha uzun mənzilli imkanlar və qüvvələrimiz üçün daha həlledici təchizat verməkdən danışarkən, biz təkcə hərbi texnikanın siyahısından danışmırıq. Söhbət Rusiyaya təzyiqlərin artırılmasından gedir. Bu, daha böyük müharibənin qarşısını almaqdır. Daimi sülhə ancaq güclə nail olmaq olar və növbəti həftə biz tərəfdaşlarımızla birlikdə bu güc üçün, əsl sülh üçün çalışmaqda davam edəcəyik”.

Liderlərlə görüşlərin olacağını da əlavə edən Vladimir Zelenski, “Biz vaxtında verilən qərarlara böyük əhəmiyyət veririk. Xalqımızın və Ukraynanın yanında olan hər kəsə təşəkkür etmək istəyirəm" deyib.

Qeyd edək ki, Cənubi Koreyanın müdafiə naziri Kim Yong-hyun da çərşənbə axşamı verdiyi açıqlamada Şimali Koreyanın Ukraynaya qoşun göndərməsinin “yüksək ehtimal” olduğunu bildirib.

Kremlin sözçüsü Dmitri Peskov isə  cümə axşamı Şimali Koreyanın qoşun göndərib-göndərməməsi ilə bağlı suala cavab verib: “Bu, növbəti saxta xəbərə bənzəyir”.