İsrail Hava Qüvvələri Beyrutun cənub ətrafına hücum edib

İsrail Hava Qüvvələrinin qırıcıları Beyrutun cənub ətrafına və kənarlarına, “Hizbullah”ın obyektlərinin yerləşdiyi və tərəfdarlarının yaşadığı ərazilərə hücum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, Haret-Horeyk məhəlləsində azı üç güclü partlayış baş verib.

Livan paytaxtının cənub hissəsindən göyə qara tüstü qalxır.

Hava hücumu Beyrutun ətraflarında davam edir, Rafiq Hariri adına beynəlxalq hava limanının perimetri boyunca yerləşən Eş-Şueyfat qəsəbəsindən hava zərbələri barədə məlumatlar daxil olub.

Xatırladaq ki, İsrail Hava Qüvvələri son dəfə oktyabrın 16-da Beyruta hücum etmişdi. O zaman İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti hücum zamanı “Hizbullah”ın yeraltı silah anbarının məhv edildiyini bildirmişdi.