Almaniyanın Sol partiyasının yeni rəhbərliyi seçilib

Jurnalist İnes Şverdtner və federal parlamentin sabiq üzvü Yan van Aken Almaniyanın Sol partiyasının yeni həmsədrləri seçiliblər.

AZƏRTAC "Şpigel" nəşrinə istinadla xəbər verir ki, hər iki şəxs partiyanın Halle şəhərində keçirilən qurultayında böyük səs çoxluğu ilə qalib gəlib. Onlar partiyaya rəhbərliyi son bir neçə seçkidə uğursuz nəticədən sonra istefa verən Martin Şirdevan və Yanine Vislerdən təhvil alıblar.

Sol partiya parlamentdəki fraksiyanın sabiq rəhbəri Sahra Vaqenknextin başçılıq etdiyi qrupun ayrılmasından sonra ciddi böhranla qarşılaşmışdı. Nəticədə partiyanın əvvəllər geniş seçici auditoriyasına malik olduğu Şərqi Almaniyada mövqeləri xeyli zəifləyib. Aparılan rəy sorğuları partiyanın ölkədə reytinqinin 3-4 faiz səviyyəsində olduğunu göstərir.

Yeni rəhbərliyin elan etdiyi əsas hədəf federal parlamentdə yer almaqdır.