Andrea Makkaniko: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Bu ilin ilk 10 ayında İtaliyadan Azərbaycana idxal ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 %-dən çox artıb.
“Report” xəbər verir ki, bu barədə İtaliya Ticarət Agentliyinin (İTA) Azərbaycan üzrə direktoru Andrea Makkaniko Bakıda keçirilən IX İtaliya mətbəxi həftəsinin açılışına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır:

"Ölkələrimizi bir-birinə sıx əlaqələr birləşdirir. Qiymət dəyişiklikləri ilə bağlı bəzi tərəddüdlərə baxmayaraq, İtaliya Azərbaycan mallarının təxminən 40 %-nin ixrac olunduğu ölkə olaraq qalır”.

A.Makkaniko Bakıda keçirilən İtaliya mətbəxi həftəsi barədə də danışıb:

"Bu tədbir çərçivəsində İtaliyadan qonaq gələn aşpaz Andrea Berton ilə şam yeməyi, kulinariya şousu, eləcə də İtaliya və Azərbaycan mədəniyyətinə həsr olunmuş görüş nəzərdə tutulub. Yerli istehsalçıların iştirakı ilə keçiriləcək görüş zamanı İtaliyanın ənənəvi aperitiva və antipasto mədəniyyəti nümayiş etdiriləcək".