ATƏT PA-nın sədri Gürcüstana səfərini təxirə salıb - YENİLƏNİB

ATƏT PA-nın sədri Pia Kauma Gürcüstana səfərini təxirə saldığını açıqlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Kauma "X" paylaşımında qeyd edib.

O, hərtərəfli müzakirələrdən sonra Gürcüstana səfərin daha effektiv olacağı vaxta qədər təxirə salındığını qeyd edib.

***

ABŞ-nin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Co Uilson Pia Kaumanı Gürcüstana səfər etməməyə çağırıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Uilson ATƏT PA-nın sədri Pia Kaumaya açıq məktubunda Gürcüstan rəsmilərinin bu səfəri “hakimiyyətin legitimləşdirilməsi vasitəsi” kimi istifadə edəcəyini deyib.

“ABŞ vergi ödəyicilərinin pulu qeyri-legitim hökumətin tanınması üçün istifadə edilməməlidir”, - deyə Uilson qeyd edib.

Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili isə bunun Gürcüstanın avropalı və amerikalı tərəfdaşlarının ortaq narahatlığı olduğunu qeyd edib.

“ATƏT PA sədri Pia Kauma, bu, Gürcüstanda sabitlik, demokratiya və insan haqlarının qayğısına qalan Gürcüstanın bütün avropalı və amerikalı tərəfdaşlarının ortaq narahatlığıdır. Sizin yeganə hədəfiniz bu olmalıdır ki, ATƏT tövsiyələri əsasında yeni seçkilər keçirilsin”, - Zurabişvili qeyd edib.

Xatırladaq ki, 8-10 yanvar tarixlərində Pia Kaumanın rəhbərlik etdiyi ATƏT nümayəndə heyətinin Gürcüstana səfəri gözlənilir.