İvanka Trampın Prezident Donald Trampın andiçmə mərasimi şərəfinə keçirilən tədbirlərdə taxdığı “Leviev” zinət əşyaları 1,1 milyon dollara başa gəlib. İnauqurasiya ərəfəsində şam yeməyində İvanka Tramp kristallar və mirvarilərlə işlənmiş “Oscar de la Renta” donunu, “Leviev”in brilyant və platin armud formalı sırğalarını taxıb. 18,08 karatlıq sırğaların pərakəndə satışı 900 min dollardır.
Axar.az xəbər verir ki, bu barədə “Biznes İnsayder” məlumat yayıb.
Andiçmə mərasimindən sonra keçirilən “Liberty” balında İvanka yenə də “Leviev” zinət əşyalarını taxıb: 50 karatlıq brilyant boyunbağı və 10 karatlıq brilyant qaşlı sırğalar. Boyunbağının qiyməti təxminən 180 min dollar, sırğaların qiyməti isə 60 min dollardır. İvankanın donu “Givenchy haute couture” moda evinin 1954-cü ildə Odri Hepbern obrazı üçün yaratdığı paltardan ilhamlanıb.
Beləliklə, İvanka Trampın inauqurasiyada zərgərlik məmulatlarının dəyəri 1,1 milyon dollardan bir qədər çox olub.