Ermənistan parlamenti fevralın birinci yarısında Avropa İttifaqına (Aİ) daxil olmaq haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırdır.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Movses Arutyunyan "İzvestiya"ya bildirib.
"Proses prosedura uyğun gedir və ehtimal ki, növbəti dörd günlük sessiyanın (11-14 fevral) plenar iclaslarının gündəliyinə daxil ediləcək", - o qeyd edib.
Qeyd edək ki, Ermənistan hökuməti müvafiq sənədi yanvarın 9-da təsdiqləyib.
Xatırladaq ki, daha Kremlin sözçüsü Dmitri Peskov Ermənistan hökumətinin ölkənin Aİ üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləməsinə münasibət bildirmişdi. Onun sözlərinə görə, Ermənistanın Aİ-yə daxil olması onun suveren hüququdur, lakin iki müxtəlif təşkilatın üzvü olmaq mümkün deyil.
Milli Məclisin deputatı Asim Mollazadə "Sherg.az"a bildirib ki, Ermənistan eyni zamanda həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ola bilməz:
"Ermənistan hakimiyyəti Aİ yoxsa Aİİ-yə qoşulması haqqında seçim etməlidir. Digər tərəfdən hazırda bu mövzu müzakirə olunmur. Ona görə də Rusiyanın ciddi addım atmasına ehtiyac yoxdur. Ümumiyyətlə Ermənistan hər iki istiqamətdə qazanc əldə etmək fikrindədir. Bununla yanaşı, Aİ-də bəzi ölkələr və şirkətlər Ermənistandan istifadə edir. Eyni zamanda rəsmi Moskva Ermənistandan vasitəçi kimi yararlanaraq, sanksiyalı malları gizli surətdə Rusiyaya gətirmək istəyir. Ümumilikdə bunlar hamısı bir oyundur".