ABŞ-də anomal istilər azı 25 nəfərin ölümünə səbəb olub

ABŞ-də müşahidə olunan anomal isti hava şəraiti nəticəsində azı 25 nəfər həyatını itirib.

Sherg.az xəbər verir ki, məlumatı NBC telekanalı yayıb. Bildirilir ki, təbii hadisədən ən çox zərər çəkən ştat Nyu-Cersi olub. Ştatın Səhiyyə Nazirliyinin nümayəndəsi Daliya Eveysin sözlərinə görə, təkcə iyulun 4-də ölənlərin sayı 19-dan 22-yə yüksəlib.

Bundan başqa, Missisipi ştatında iki, İllinoys ştatında isə həddindən artıq istilə qismən bağlı daha bir ölüm faktı qeydə alınıb.

ABC telekanalının məlumatına görə, ABŞ-ın paytaxtı Vaşinqtonda Müstəqillik Günü hava temperaturu 38,8 dərəcəyə çataraq yüz ildən artıq müddətdə qeydə alınan ən yüksək göstəricini yeniləyib.

Bundan əvvəl anomal istilər səbəbindən ABŞ-ın onlarla şəhərində Müstəqillik Günü münasibətilə planlaşdırılan bayram tədbirlərinin dəyişdirildiyi və ya ləğv edildiyi bildirilmişdi.