ABŞ-də güclü fırtına səbəbindən təxminən 12 min aviareys ləğv edilib

ABŞ-də müşahidə olunan dağıdıcı fırtına səbəbindən təxminən 12 min reys ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Xüsusilə, Oklahoma-Siti şəhərindəki Uill Rocers adına beynəlxalq hava limanında şənbə günü bütün reyslər, həmçinin bazar günü səhər saatlarındakı uçuş və enişlər ləğv edilib.

"Poweroutage.us" saytının məlumatına görə, şənbə günü səhər ölkə ərazisində 112 min abonentin elektrik enerjisi kəsilib, o cümlədən Texasda təxminən 55 min, Luizianada 13 min 700 və Nyu-Meksikoda təqribən 11 min 800 abonent bu problemlə üzləşib.

"FlightAware" reysləri izləmə saytının məlumatına görə, şənbə günü saat 12:30-a qədər 4 mindən çox, bazar günü isə 8 mindən çox reys ləğv olunub. "Dallas/Fort-Uort", "Neşvill" beynəlxalq hava limanı və "Şarlott Duqlas" beynəlxalq hava limanı ən çox zərər çəkən aeroportlar olub.

Ölkənin Milli Meteorologiya Xidməti şərqi Texasdan Şimali Karolinaya qədər uzanan güclü qar yağıntısı və yolların buz bağlaması barədə xəbərdarlıq edib. Fırtına xəbərdarlığı 140 milyon insanın, ABŞ əhalisinin 40%-dən çoxunun yaşadığı əraziyə aiddir.

"Bu fırtınanı həqiqətən unikal edən ondan dərhal sonra havanın temperaturunun kəskin şəkildə aşağı düşməsidir", - Milli Meteorologiya Xidmətinin meteoroloqu Ellison Santorelli bildirib.

Onun sözlərinə görə, qar yağması və yolların buz bağlaması yaxın vaxtlarda dayanmayacaq. Bu da bərpa işlərini çətinləşdirəcək.

Qeyd olunur ki, bəzi ştatların hakimiyyət orqanları gözlənilən iqlim fəlakətləri ilə əlaqədar həyəcan təbili çalaraq, fövqəladə vəziyyət elan edib və ya insanları evlərində qalmağa çağırıb.