ABŞ-də xarici jurnalistlər, tələbələr və mübadilə proqramlarının iştirakçıları üçün nəzərdə tutulan yeni viza qaydalarının qüvvəyə minməsi dayandırılıb.
Teleqraf xəbər verir ki, Massaçusets ştatının federal dairə məhkəməsi yeni qaydaların tətbiqini məhkəmə araşdırmaları başa çatanadək müvəqqəti dayandırıb.
İş üzrə iddiaçı təxminən 600 kollec və universiteti birləşdirən “The Presidents Alliance on Higher Education and Immigration” qeyri-kommersiya təşkilatı, cavabdeh isə ABŞ Daxili Təhlükəsizlik Nazirliyidir.
Hakim Dennis Seylorun qərarına əsasən, yeni qaydaların qüvvəyə minmə tarixinin təxirə salınması ilə bağlı iddiaçı tərəfin vəsatəti təmin edilib.
Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi iyul ayında xarici jurnalistlər, tələbələr və mübadilə proqramları ilə ölkəyə gələn şəxslərin ABŞ-də qalma müddətinin 240 günlə məhdudlaşdırılmasını nəzərdə tutan dəyişiklikləri açıqlamışdı. Çin vətəndaşları üçün isə bu müddətin 90 gün olması təklif edilirdi.