ABŞ Dövlət Departamenti daha obyektiv tədqiqat aparmalıdır

Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin sayı daha çoxdur

"Torpaqlarımız azad ediləndən sonra bəzi bölgələrdə kütləvi məzarlıqlar üzə çıxır ki, bu da erməni vandalizmini sübut edir"

ABŞ Dövlət Departamentinin rəsmi saytında 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatda Ermənistan sərt tənqid olunub. Hesabatın Ermənistana aid hissəsində ermənilərin azərbaycanlı əsirlərə qarşı zorakılıqları, qətllərinə xüsusi yer ayrılıb. Qeyd olunub ki, 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı əsir düşən azəbaycanlı hərbi əsirlər işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qalıblar

Dövlət Departamentinin hesabatında Azərbaycan Baş Prokurorluğunun Kəlbəcər rayonunun Başlıbel kəndində başlatdığı cinayət işinə də toxunulub. Bildirilib ki, 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən öldürüldüyü iddia edilən azərbaycanlılara aid məzarların axtarışına başlanılıb. Həmçinin, Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus onlarla qəbiristanlığın dağıdılması ilə bağlı sübutların üzə çıxılmasına da yer ayrılıb. 2020-ci ildə atəşkəsin əldə olunmasından sonra Ermənistanın daha əvvəl nəzarət etdiyi Azərbaycan ərazilərində 7 azərbaycanlı hərbçi və 29 mülki şəxsin minaya düşərək həlak olduqları, xeyli sayda insanın yaralandığı qeyd edilib. Lakin təəəsüf ki, 44 günlük müharibə zamanı Ermənistanın dinc Azərbaycan şəhərlərini bombardman etməsi, onlarla insanın ölümünə səbəb olan qanlı hadisələrə hesabatda toxunulmayıb. Halbuki, dinc şəhərlərdə uşaq və qadınların Ermənistanın raket atəşi nəticəsində öldürülməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanıb və onlar bundan xəbərdar edilib. Buna rəğmən, Ermənistanın atəşkəsə əməl etməyərək Azərbaycanın cəbhədən uzaq şəhərlərini ağır artilleriya və raket atəşinə tutması hesabatdan kənarda qalıb. Xatırladaq ki, Ermənistanın tək bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 9-dan çox mülki şəxs həlak olub və 34-dən çoxu yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da var. Ermənistanın bu cinayəti dinc və günahsız azərbaycanlılara qarşı törədilən Xocalıdan sonra növbəti soyqırım aktıdır. Ümid etmək olar ki, ABŞ başda olmaqla beynəlxalq qurumlar Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayətə nəhayət ki, reaksiya verəcək və işğalçı ölkənin cəzalandırılması üçün lazım olan bütün tədbirləri görəcək. 

Millət vəkili Asim Mollazadə “Şərq”ə deyib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin sayı çox olsa da, ABŞ Dövlət Departamentinin hesabatında onlardan bəhs edilməyib. Deputat bildirib ki, ermənilər qadın, uşaq, qoca demədən mülki insanları qətlə yetiriblər:

“Müharibə dövründə erməni silahlıları cəbhə boyu və cəbhədən xeyli kənarda olan şəhərlərimizə, kəndlərimizə raketlər atıblar, istifadəsi qadağan olunmuş silahlar tətbiq ediblər. Xatırladım ki, 1994-cü ildə “Human Rights Watch” öz saytında hesabat təqdim etmişdi. Amma sonradan bu hesabat saytdan yoxa çıxdı. Həmin hesabatda ermənilər tərəfindən əsir alınmış azərbaycanlıların başına gətirilən dəhşətli işgəncələr, orqanlarının çıxarılması və s. faktlar öz əksini tapmışdı. Azərbaycan tərəfi 30 il ərzində Qarabağın işğalı zamanı əsir və girov götürülmüş dörd minə yaxın vətəndaşının taleyindən indiyədək xəbər tuta bilməyib. Torpaqlarımız azad ediləndən sonra bəzi bölgələrdə kütləvi məzarlıqlar üzə çıxır ki, bu da erməni vandalizmini sübut edir. Azərbaycan dövləti ermənilərin bütün vəhşilikləri ilə bağlı ciddi araşdırmalar başladıb. Çox istərdik ki, beynəlxalq təşkilatlar, insan hüquqlarını, müharibə cinayətlərini araşdıran qurumlar, ABŞ-ın Dövlət Departamenti daha obyektiv tədqiqatlar aparsınlar. Hazırladıqları hesabatları doğru olsun, həqiqəti tam əks etdirsin”. 

Milli Məclis üzvü vurğulayıb ki, Ermənistan daxilindəki revanşist qüvvələrin əməlləri, çağırışları da diqqətdən kənarda qalmamalıdır:

 “Ermənistanın daxilində də hərbi cinayətkarlar – koçaryanlar, sarkisyanlar, ohanyanlar yenidən təxribatlara çağırış edirlər, revanşistlər açıqlamalar verirlər. Yeni müharibə arzusu ilə Azərbaycan ərazilərinə iddia irəli sürürlər. Onların bütün “siyasi karyerası” günahsız insanların amansız qətlləri, hərbi cinayətlər və işğalla bağlıdır. Hərbi cinayətlər dərhal beynəlxalq tribunala cəlb olunmalıdır. Dövlət Departamenti Ukrayna ilə bağlı ətraflı hesabat yayıb. Ümid edirik, Azərbaycanla bağlı da ermənilərin hərbi cinayətləri dəqiq araşdırılacaq. Çünki ortada danılmaz, çox ciddi faktlar var”.