ABŞ-də hərbi qulluqçuların ailələrinin təxminən yarısı 2025-ci ildə ərzaq məhsullarının alınması zamanı maliyyə çətinlikləri ilə üzləşib.
Sherg.az xəbər verir ki, bu barədə hərbçilər, veteranlar və onların ailələrinə dəstək göstərən "Military Family Advisory Network" təşkilatının araşdırmasında qeyd olunub.
Tədqiqatın nəticələrinə görə, ərzaq təhlükəsizliyinin səviyyəsini “aşağı” və ya “çox aşağı” kimi qiymətləndirən ailələrin payı kəskin artıb. Bu göstərici 2023-cü ildəki 15,6 faizdən 2025-ci ildə 41,2 faizə yüksəlib.
Araşdırmada vurğulanır ki, ailələrin əksəriyyəti (57,7 faiz) üçün ərzaq məhsullarının bahalaşması ən ciddi maliyyə problemi olub. Bundan əlavə, hər üç ailədən biri mənzil və kommunal xidmət haqlarının ödənilməsində çətinlik çəkdiyini bildirib.
Məlumata görə, sorğu 2025-ci il oktyabrın 2-dən 2026-cı il yanvarın 16-dək aparılıb. Tədqiqatda fəaliyyətdə olan hərbçilər də daxil olmaqla 10 mindən çox ABŞ vətəndaşı iştirak edib.
Qeyd edək ki, son dövrlərdə ABŞ-də yaşayış xərclərinin artması, inflyasiya və ərzaq qiymətlərinin yüksəlməsi bir çox ailələrin büdcəsinə ciddi təsir göstərir. Araşdırma hərbi ailələrin də bu iqtisadi təzyiqlərdən kənarda qalmadığını ortaya qoyur.