ABŞ Prezidenti: Əhməd əş-Şaraa Hizbullaha qarşı hərbi əməliyyatlar aparmağa hazırdır

"İsrail Livandakı hərbi əməliyyatları daha yumşaq şəkildə həyata keçirə bilər və "Hizbullah"a qarşı mübarizəni Suriya Prezidenti Əhməd əş-Şaraa üzərinə götürə bilər".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Fransanın Evian şəhərində keçirilən "Böyük yeddilik" (G7) sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.

"Bizim İsraillə Livan məsələsində kiçik fikir ayrılığımız var. Mən deyirəm: "Bir az daha yumşaq davrana bilərsən, Bibi" (İsrailin Baş naziri Benyamin Netanyahu - red.). "Hizbullah"dan kimsə binaya daxil oldu deyə hər dəfə bütöv binanı dağıtmaq lazım deyil", - deyə ABŞ lideri bildirib.

Daha sonra o, Əhməd əş-Şaraanın "Hizbullah"a qarşı hərbi əməliyyatlar aparmağa hazır olduğunu iddia edib.

"O, bununla məşğul olmaq istəyərdi. "Hizbullah" onun düşmənidir. O, sadəcə çox yüksək dəqiqliklə hərəkət edərdi", - deyə Tramp bildirib.

Ağ Ev rəhbəri etiraf edib ki, belə perspektivlər Livanı mütləq qane etməyə bilər. Tramp, həmçinin Livan rəhbərliyinin yaxın həftələrdə ABŞ-yə səfər etməyi planlaşdırdığını açıqlayıb.

"Amma insanların bunu istədiyinə əmin deyiləm. Ola bilsin ki, Livan bunu istəmir. Biz Livanın istəklərini də nəzərə almalıyıq", - deyə o bildirib.