Pentaqon Avropaya yeni bölmələrin göndərilməsini dayandırdıqdan və qlobal qüvvələrin yerləşdirilməsini nəzərdən keçirməyə başladıqdan sonra Amerika qoşunları Estoniyanı tərk edib.
Teleqraf xəbər verir ki, vu barədə "ERR" məlumat yayıb.
Estoniya ilə ABŞ arasında mövcud hərbi əməkdaşlıq müqaviləsinə əsasən, ölkədə 500-700 nəfərlik ABŞ hərbi kontingenti olmalıdır. Lakin ölkədə əsasən xidməti bölmələr olmaqla, yalnız az sayda şəxsi heyət qalır.
Estoniyanın müdafiə naziri Hanno Pevkur mövcud vəziyyətin planlaşdırılan yay rotasiyası ilə əlaqəli olduğunu təsdiqləyib, lakin yeni bölmələrin geri qaytarılmasının dəqiq vaxtının hələlik məlum olmadığını deyib.
"Amerikalılar ənənəvi olaraq yayda rotasiya edirlər. Bu proses hazırda davam edir, lakin güc strukturunun nəzərdən keçirilməsi ilə əlaqədar olaraq, hələlik neçə hərbçinin və hansı bölmələrin gələcəyini bilmirik", - deyə o bildirib.
Eyni zamanda, Böyük Britaniya və Fransanın hərbi kontingentləri Estoniyada qalmağa və planlaşdırılan rotasiyaya riayət etməyə davam edir.