ABŞ və İran nümayəndə heyətləri bu həftə yenidən Pakistanda görüşəcəklər.
Sherg.az xəbər verir ki, bu barədə Çin dövlət televiziyası CCTV məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ və İran nümayəndələri həftənin sonuna doğru İslamabad şəhərində danışıqlar aparacaqlar.
Daha əvvəl "The Atlantic" nəşrinin jurnalisti Araş Azizi Tehrandakı mənbəyə istinadən görüşün cümə axşamı keçirilə biləcəyini qeyd etmişdi.
Danışıqların ilk raundu ötən həftəsonu baş tutub. Onun nəticələrinə görə, Tehran bəyan edib ki, tərəflər bir sıra əsas məsələlər üzrə razılığa gələ bilməyiblər. Vaşinqton isə bildirib ki, müzakirə olunan mövzular arasında zənginləşdirilmiş uran da var və ABŞ bu materialların İran İslam Respublikasından çıxarılmasında israr edir.
"Reuters" agentliyinin məlumatına görə, tərəflər həmçinin Hörmüz boğazı, reparasiyalar, sanksiyalar və münaqişənin başa çatdırılması ilə bağlı detalları da müzakirə ediblər. Daha əvvəl bildirilmişdi ki, gələcək sazişin əsasını İranın 10 maddəlik planı təşkil edə bilər.
Danışıqlardan qısa müddət sonra ABŞ hərbi qüvvələri Hörmüz boğazında blokada tədbirlərinə başlayıb. ABŞ prezidenti Donald Tramp bildirib ki, bu marşrutdan istifadə etməyə çalışan bütün gəmilər dayandırılacaq. Bundan əlavə, hərbi qüvvələrə İrana keçid üçün ödəniş edən tanker gəmilərinin izlənməsi və ələ keçirilməsi tapşırılıb.