Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcəyini və növbədənkənar parlament seçkilərinə adi vətəndaş statusunda hazırlaşacağını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışıb.
“Nyu-Yorkdan qayıdan kimi - sentyabrın 25-26-da istefa verəcəm və seçki kampaniyasını sıravi vətəndaş kimi aparacam. Qanun bunu məndən tələb etmir, amma mənim istəyim belədir. Bundan əvvəl heç bir prezident belə etməyib: onların hamısı prezident və ya baş nazir vəzifələrində kampaniya aparıblar, amma mən belə etməyəcəm. Kampaniyanın son ayını sıravi vətəndaş statusunda keçirəcəm”, - Vuçiç deyib.
Sentyabrın 9-da Vuçiç parlamentin buraxılması və növbədənkənar seçkilərin oktyabrın 25-nə təyin edilməsi barədə qərarları təsdiqləyib. Bundan əvvəl hakim “Proqressiv Serbiya” Partiyasının sədri Miloş Vuçeviç bildirmişdi ki, Vuçiç qarşıdakı parlament seçkilərində siyasi qüvvənin siyahısına rəhbərlik edəcək və onun baş nazirliyə namizədi olacaq.