Ali Satan: SDQ-nin mövcudluğunu istəyənlər imperial niyyətləri olanlardır

Bu məsələ Suriya dövlətinin bu günü və gələcəyini müəyyən edəcək qədər ciddi xarakter daşıyır

Türkiyə və Suriya ABŞ-ni razı salaraq SDQ-nin ləğv olunmasına nail olacaq

Martın 10-da PKK terror təşkilatının Suriya qanadı olan SDQ(Suriya Demokratik Qüvvələri) ilə Dəməşq rəhbərliyi arasında imzalanmış razılaşma üzrə müəyyən edilmiş vaxtın dekabrın 31-də başa çatması məsələyə olan həssaslığı daha da artırır. Razılaşmadan sonra SDQ-nin Suriya ordusuna inteqrasiyası istiqamətində real irəliləyişin olmaması, üstəlik təşkilatın prosesi uzatmağa çalışması bölgədə yeni gərginlik risklərini gündəmə gətirir. Ankaranın verdiyi açıq mesajlar bu məsələyə münasibətdə səbrin tükəndiyini göstərir. Türkiyə-Suriya arasında mümkün birgə addımların müzakirə edilməsi isə problemin artıq təkcə daxili Suriya məsələsi olmadığını, regional təhlükəsizlik balansına birbaşa təsir edən kritik mərhələyə daxil olduğunu ortaya qoyur.

Marmara Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin professoru, türk tarixçi Ali Satan Sherg.az-a açıqlamasında bu məsələnin bölgəmizin ən vacib mövzularından biri olduğunu vurğulayıb:

"Bu məsələ Suriya dövlətinin bu günü və gələcəyini müəyyən edəcək qədər ciddi xarakter daşıyır. Eyni zamanda Türkiyənin uzun müddətdir həyata keçirdiyi “terrordan azad Türkiyə və terrordan azad bölgə” siyasətinin də əsas müəyyənedici amillərindən biridir. Buna görə də Türkiyə sözügedən məsələni əvvəldən etibarən yaxından izləyir. Bölgəmiz sülh və təhlükəsizlik şəraitində yaşamaq üçün çox mühüm bir fürsət əldə edib. Bu fürsəti sabotaj etməyə yönələn heç bir addım öz tərəfdarlarına izah edilə bilməz. Digər tərəfdən, heç bir müasir dövlət sərhədləri daxilində, öz silahlı qüvvələrindən başqa silahlı bir qrupun mövcudluğunu qəbul etməz. Üstəlik, əgər bu silahlı struktur xarici bir dövlətin maraqları naminə yaradılıbsa, bunun davamlı olması mümkün deyil.

Politoloq SDQ-nin prosesi uzatmağa çalışacağını bildirib:

"Şübhəsiz ki, SDQ prosesi uzatmağa çalışacaq, lakin Suriya bunu istəməyəcək. SDQ Suriyaya kənardan müdaxilə etmək istəyən qüvvələr üçün əlverişli vasitədir. Buna görə də onun mövcudluğunu istəyənlər bölgə üzərində imperial niyyətləri olanlardır. Lakin hesab edirəm ki, Türkiyə və Suriya ABŞ-ni razı salaraq SDQ-nin ləğv olunmasına nail olacaq".