Almaniyanın "Junge Welt" nəşri Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı diqqətçəkən məqalə dərc edib.
Sherg.az xəbər verir ki, nəşr Kiyevin Belarusa qarşı ritorikasını nasist Almaniyasının siyasəti ilə müqayisə edib.
Məqalə müəlliflərinin fikrincə, Ukrayna rəhbərliyinin Belarusa ünvanladığı xəbərdarlıqlar və ultimatum xarakterli bəyanatlar 1938-1939-cu illərdə nasist Almaniyasının Çexoslovakiya və Polşa qarşı tətbiq etdiyi təzyiq metodlarını xatırladır.
Nəşrdə bildirilir ki, həmin dövrdə Almaniya ardıcıl ultimatumlar irəli sürərək həm siyasi təzyiq göstərir, həm də mümkün hərbi addımlara əsas yaratmağa çalışırdı. Məqalə müəllifləri hesab edirlər ki, Kiyev də oxşar taktika tətbiq edir və Qərbdəki tərəfdaşlarının dəstəyinə arxalanır.
Qeyd edək ki, bir neçə gün əvvəl Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenko ünvanına sərt bəyanatlar səsləndirib. O, Belarus sərhədi yaxınlığında yerləşdirilən hərbi texnikanın Rusiya ordusunun Ukraynaya zərbələrinin koordinasiyasında istifadə olunduğunu iddia edərək yeni hücumlarla hədələyib.
Lukaşenko isə cavab olaraq bildirib ki, Belarusun münaqişəyə cəlb olunmasına yönələn hər hansı cəhd qarşıdurmanın xarakterini dərhal dəyişə bilər. Belarus lideri vurğulayıb ki, Minsk münaqişənin genişlənməsində maraqlı deyil, danışıqların tərəfdarıdır və Rusiya ilə strateji tərəfdaşlıq kursunu davam etdirəcək.
Məqalədə yer alan müqayisələr "Junge Welt" nəşrinin müəlliflərinin mövqeyini əks etdirir və beynəlxalq ictimaiyyətdə qəbul olunmuş ümumi yanaşma hesab edilmir.