Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb

Avropa İttifaqı ölkələrində yanacağın qiymətinin kəskin artmasına qarşı etiraz aksiyaları keçirilir.

Sherg.az xəbər verir ki, "Politico" yazır ki, Portuqaliyada yüzlərlə yük maşını etirazlara qoşulub. Aksiya iştirakçıları üç magistral yolda aşağı sürətlə hərəkət edərək nəqliyyatda ciddi çətinliklər yaradıb. Etirazlarda tikinti, yeraltı işlər və yükdaşıma sektorlarının nümayəndələri iştirak edib.

Təşkilatçıların məlumatına görə, fevralın sonundan etibarən Portuqaliyada dizelin qiyməti 1,59 avrodan 2,22 avroya yüksəlib. Bəzi şirkətlərdə yanacaq xərcləri istehsal məsrəflərinin yarısından çoxunu təşkil edir.

Fransada da etirazlar keçirilir. Balıqçılar Nitsa, Set və Qro-dü-Rua limanlarını, həmçinin Frontinyandakı neft bazasını bloklayıblar. Onlar yanacağın ucuzlaşdırılmasını və dövlət dəstəyinin artırılmasını tələb edirlər.

Məlumata görə, ötən gün Aİ-də dizelin orta qiyməti rekord həddə – litri 2,23 avroya çatıb. Avropa Komissiyasının məlumatına əsasən, ittifaqın 19 ölkəsində tarixi maksimum qeydə alınıb.