"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır

Ukrayna Silahlı Qüvvələri Rusiyanın demək olar ki, istənilən bölgəsinə zərbə endirmək imkanına malik olduğunu nümayiş etdirir və bunun nəticəsində ölkədə təhlükəsiz hesab edilən ərazilərin sayı getdikcə azalır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukrayna son dövrlər Rusiya ərazisində yerləşən neft emalı zavodları, silah istehsalı müəssisələri və strateji aviasiya obyektlərinə effektiv zərbələr endirir. Bu hücumlar Rusiyanın hərbi-logistika imkanlarına mənfi təsir göstərir.

Məqalədə vurğulanır ki, tammiqyaslı müharibə dövründə Ukraynanın istifadə etdiyi silahlar və taktiki imkanlar əhəmiyyətli dərəcədə təkmilləşib. Belə ki, "Flaminqo" raketlərinin son hücumlarda, o cümlədən Rusiya artilleriya sistemləri istehsal edən "Titan-Barrikadı" zavoduna qarşı uğurla istifadə edildiyi qeyd olunur.

Nəşrin yazdığına görə, Ukrayna hazırda Moskva və Sankt-Peterburq kimi sərhəddən uzaqda yerləşən hədəflərə zərbələr endirmək üçün əsasən yerli istehsal pilotsuz uçuş aparatlarına və modernləşdirilmiş raketlərə güvənir.