ABŞ Prezidenti Donald Tramp Ukraynanın hazırda Rusiyaya qarşı müharibədə "həqiqətən yaxşı işlər gördüyünü" bildirib.
Teleqraf "Axios"a istinadən xəbər verir ki, G7 sammiti zamanı o, Vladimir Putinin mövqeyindən məyus olduğunu deyib və ABŞ-nin sülh müqaviləsi bağlanacağı təqdirdə Donbasın Rusiyanın nəzarəti altında qalmasını nəzərdə tutan "Ankoric Sazişləri"ndən imtina edə biləcəyini açıq şəkildə vurğulayıb.
G7 liderlərinin görüşündə iştirak edən iki mənbənin sözlərinə görə, Tramp Putinə şübhə ilə yanaşıb və Moskvaya artan təzyiq ehtimalından danışıb.
Sammitin digər iştirakçıları isə bu bəyanatların konkret hərəkətlərə gətirib çıxaracağına şübhə ilə yanaşırlar.
Bu arada Ukrayna Rusiyaya qarşı uzaq mənzilli dron hücumlarını əhəmiyyətli dərəcədə gücləndirib. Ukrayna Prezidenti Volodimir Zelenski Moskvanı sülh müqaviləsi imzalamağa məcbur etmək məqsədi daşıyan "40 günlük təsir əməliyyatı"nın başladığını elan edib.
Putin öz növbəsində Rusiyanın sülh danışıqlarına hazır olduğunu, lakin öz şərtlərinin olduğunu bildirib. O, Ukraynanın pilotsuz təyyarələrinin hücumlarının müəyyən ziyana səbəb olduğunu etiraf etsə də, onların Rusiya cəmiyyətində çaxnaşma sala bilməyəcəyinə əminliyini ifadə edib.
Ukraynanın PUA hücumları nəticəsində Rusiyanın bir neçə neft emalı zavodu sıradan çıxarıb, düşmən qoşunlarının təchizatının logistikasını pozub.