Aydın Sezer: Bu təqdirdə konstitusiya dəyişikliyinə ehtiyac olmayacaq

TBMM-nin erkən seçki qərarı Ərdoğanın yenidən namizəd olmasına artıq imkan verir

 Prosesin taleyi böyük ölçüdə kürdlərin siyasi iradəsindən asılıdır

Türkiyədə son prezident seçkilərindən sonra konstitusiya ilə bağlı müzakirələr siyasi gündəmdə yer almağa başlayıb. Müxtəlif siyasi aktorlar mövcud konstitusiyanın gələcəyi, mümkün dəyişikliklər və bu prosesin hansı üsulla həyata keçirilə biləcəyi barədə fərqli baxışlar irəli sürürlər. Bu müzakirələr çərçivəsində parlamentin rolu, siyasi partiyalar arasında mümkün əməkdaşlıqları və konstitusion prosedurlar diqqət mərkəzindədir.

Eyni zamanda prezidentlik sistemi, seçki təqvimi və konstitusion çərçivə ilə bağlı texniki və hüquqi məsələlər də ictimai müzakirələrin bir hissəsinə çevrilib. Bu prosesin hansı istiqamətdə inkişaf edəcəyi, siyasi aktorların mövqeləri və parlamentdə formalaşacaq balanslardan asılı olaraq zamanla daha aydın görünəcək.

Xarici siyasət üzrə türk ekspert Aydın Sezer mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"Ərdoğan son prezident seçkilərindən dərhal sonra Türkiyənin yeni bir konstitusiyaya ehtiyacı olduğunu bildirdi. O vurğuladı ki, 12 sentyabr hərbi çevrilişi dövründə hazırlanmış konstitusiya Türkiyəyə yaraşmır və əsas məqsədi ölkəyə yeni bir konstitusiya qazandırmaq idi. Lakin bu təşəbbüs cəmiyyətdə və siyasi mühitdə yetərli qarşılıq tapmadı. Çünki mövcud parlamentin yeni konstitusiya hazırlamaq səlahiyyətinin olub-olmaması ciddi şəkildə müzakirə olundu. Başda CHP və İYİ Partiya olmaqla bir çox siyasi partiya bu prosesə dəstək verməyəcəklərini açıqladı. Bunun nəticəsində Ərdoğanın “yeni konstitusiya” ideyası tədricən mövcud konstitusiyanın dəyişdirilməsi variantına çevrildi. Bu isə daha asan bir yol hesab olunur. Çünki konstitusiya dəyişikliyini parlament həyata keçirə bilər. Əgər 400 millət vəkilinin səsi ilə qəbul olunarsa, referenduma ehtiyac qalmadan Prezident də bunu təsdiqləyə bilər. Burada əsas şərtlərdən biri də kürdlərin siyasi partiyasının (DEM Partiyasının) bu prosesə dəstək verib-verməyəcəyidir. Çünki hazırda davam edən sülh prosesi çərçivəsində bu məsələnin bir növ siyasi müzakirə və ya razılaşma mövzusu olduğu bilinir. DEM Partiyasının dəstək qarşılığında Ərdoğandan müəyyən güzəştlər ala biləcəyi düşünülür. Ancaq indiyə qədər bu istiqamətdə konkret bir addım atılmayıb. Buna görə də prosesin taleyi böyük ölçüdə kürdlərin siyasi iradəsindən asılıdır".

Ekspert erkən seçki məsələsinin konstitusion baxımdan da zərurət yaratdığını söyləyib:

"Mövcud vəziyyətdə Ərdoğanın yenidən namizəd olması mümkün deyil. Çünki o, konstitusiyada nəzərdə tutulan müddəti tamamlamış sayılır. Bu səbəbdən yalnız Türkiyə Böyük Millət Məclisi erkən seçki qərarı verərsə, Ərdoğan yenidən prezidentliyə namizəd ola bilər. Ərdoğan konstitusiya dəyişikliyi edərək, parlament erkən seçki qərarı almadan da öz namizədliyinə imkan verən bir tənzimləmə gətirmək istəyir. Məhz bu nöqtədə mediada və iqtisadi şərhlərdə yer alan xəbərlərdə ciddi bir ziddiyyət ortaya çıxır. Əgər konstitusiya dəyişikliyi ilə Ərdoğanın namizədliyi mümkün olacaqsa, bu halda parlamentin erkən seçki qərarı almasına ehtiyac qalmayacaq və seçkilər normal vaxtında keçiriləcək. Bu da Ərdoğanın istədiyi ssenaridir".

Siyasətçi seçkilərin erkən tarixə çəkiləcəyi təqdirdə konstitusiya dəyişikliyinə ehtiyac olmayacağını bildirib:

"Türkiyə Böyük Millət Məclisinin erkən seçki qərarı Ərdoğanın yenidən namizəd olmasına artıq imkan verir".