Belçika dronlardan müdafiəni gücləndirir: Hava hücumundan müdafiəyə 3,1 milyard avro ayrılacaq

Belçika pilotsuz uçuş aparatlarından (PUA) müdafiəni gücləndirmək məqsədilə 20 ədəd Skyranger 30 qısa mənzilli hava hücumundan müdafiə sistemi alacaq.

Sherg.az xəbər verir ki, bu barədə Army Recognition nəşri məlumat yayıb.

Məlumata görə, Brüssel yerüstü hava hücumundan müdafiə sisteminin bərpası və gücləndirilməsi üçün ümumilikdə 3,1 milyard avro vəsait ayırmağı planlaşdırır. Bundan əlavə, ölkənin 10 ədəd NASAMS zenit-raket kompleksinin buraxılış qurğusunu da satın alacağı bildirilir.

Qeyd olunur ki, Skyranger 30 sistemləri kritik infrastruktur obyektlərinin, quru qoşunlarının bölmələrinin, eləcə də NASAMS komplekslərinin pilotsuz uçuş aparatlarının hücumlarından qorunması üçün istifadə ediləcək.