Böyük Britaniya daxili işlər nazirinin müavini Cess Fillips Baş nazir Kir Starmerlə fikir ayrılığına görə istefa verib.
Teleqraf xəbər verir ki, bu barədə o, Britaniya hökumətinin rəhbərinə məktub ünvanlayıb.
“Mən Leyborist hökumətinin işləməsini istəyirəm. Həmişə olduğu kimi, onu uğurlu və nüfuzlu etmək üçün çalışacağam. Amma bütün ölkənin ehtiyac duyduğu dəyişiklikləri görmürəm. Buna görə də, hazırkı rəhbərlik altında nazir müavini kimi davam edə bilmərəm”, - daxili işlər nazirinin müavini qeyd edib.
Cess Fillips mayın 12-də istefa verən hökumətin ikinci üzvü olub. Bundan əvvəl Böyük Britaniyanın mənzil, icmalar və yerli özünüidarəetmə naziri Miatta Fanbulle Kir Starmerin siyasəti ilə razılaşmayaraq istefa vermişdi.
Mayın 11-də də bir neçə nazir köməkçisi bu səbəbdən istefaya gedib.
Mayın 7-də keçirilən yerli özünüidarəetmə seçkilərindən sonra Böyük Britaniyada siyasi böhran başlayıb. Nəticədə, hakim Leyboristlər Partiyası tarixində ilk dəfə olaraq Uels Parlamentinə nəzarəti itirib. Leyboristlər müxtəlif qanunvericilik orqanlarında əvvəlkindən 1400 az yer qazanıb. Starmer seçkilərdəki uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürüb, amma Leyboristlər Partiyasının lideri və Baş nazir vəzifəsindən istefa verməkdən imtina edib.
Son 24 saat ərzində Lordlar Palatasında Starmerin istefasını tələb edən Leyborist deputatların sayı iki dəfə artıb, hazırda 80 qanunverici Baş nazirin istefasını tələb edir. Baş nazirdən narazı olan Leyborist deputatlar hesab edirlər ki, Starmerin hakimiyyətinin davamı növbəti parlament seçkilərində partiyanın mövqeyini daha da pisləşdirəcək. 650 yerlik Lordlar Palatasında Leyborist Partiyasının fraksiyası 403 üzvdən ibarətdir.