Consonun Kiyev səfəri! - Moskvaya mesaj:“Ukraynanın məğlubiyyətinə imkan verməyəcəyik”

Böyük Britaniyanın Baş naziri Boris Conson aprelin 9-u Kiyevdə səfərdə olub. “UNIAN” xəbər verir ki, Baş nazir Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Səfərin əvvəlcədən planlaşdırılmadığı bildirilib. Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndələri dəfələrlə danışıqlar masasına əyləşib. Lakin müzakirələr nəticə verməyib.
Şimal qonşumuz ordusunu Ukraynanın bəzi şəhərlərdindən geri çəksə də, Odessaya yenidən hücumlar planlaşdırır. Belə bir məqamda Böyük Britaniya baş nazirinin Kiyevə səfərinin strateji əhəmiyyəti olmamış deyil. Bir sözlə, nə Rusiya mövqeyindən çəkilir, nə Ukrayna, nə də Ukraynaya açıq dəstək verən Qərb orbiti. Görünür, Rusiya-Ukrayna müharibəsinin “xəmiri hələ çox su aparacaq”.
Maraqlıdır, bu yolun sonu görünürmü? Savaşın “ən zəif bəndi” kim olacaq?
B.Consonun Kiyev səfərinin məqsədli şəkildə olduğunu “Sherg.az”a izah edən politoloq Elxan Şahinoğlu müharibənin hələ bitməyəcəyini vurğulayıb:
“Rusiya işğalçı siyasətindən imtina etmir. Ukraynanın Qərbin hərbi dəstəyinə ehtiyacı artıb. Əgər müharibə başlayanda müdafiə xarakterli silahlar verilirdisə, indi Avropa anlayır ki, rəsmi Kiyevin uğur qazanması üçün hər cür silah verilməlidir. Əslində, B.Consonun Kiyevə səfərinin məqsədi bu idi ki, oraya dəstək artırılmalıdır. Bu, həm  mənəvi dayaq, həm də rəsmi Moskvaya mesaj idi. Onlar “şimal ayısı”na bildirirlər ki, Kiyev işğal edilə bilməz və biz onun məğlub olmasına imkan verməyəcəyik. Amma Ukrayna ordusundan gələn son xəbərlərə görə, Rusiya  Xarkova hücumu genişləndirib. Bu, o deməkdir ki, həm işğal davam edəcək, həm də bir müddət müharibə hökm sürəcək”.